Küçədə söhbət etdiyi gənci instituta qəbul etdirən Əliağa Ağayev

Mədəniyyət
Küçədə söhbət etdiyi gənci instituta qəbul etdirən Əliağa Ağayev.
1943-cü ilin yayında Mir Cəfər Bağırov Gənc Tamaşaçılar Teatrına “Hacı Qara” tamaşasına baxmağa gəlir. Bağırov tamaşadan sonra Əliağa Ağayevi yanına çağırtdırır. Ölkə başçısının yanına çağırılan aktyor böyük sarsıntı, həyəcan keçirir. Lakin o, gördüyü münasibətdən, rolunun ölkə başçısı tərəfindən bəyənilməsinə hədsiz sevinir. Aktyor çox keçmədən Əməkdar artist fəxri adının sevincini yaşayır. Əliağa Ağayev 1954-cü ilin 27 fevralında layiq olduğu Xalq artisti adını alır.
“Mənim ən böyük müəllimim acılı-şirinli həyatımın özüdür”, – deyən sənətkar işlədiyi teatrdakı gənc aktyorları aldıqları qonorarı israf etmələrinə imkan verməyib. Gənc aktyorlar da onun xətrini çox istəyiblər. Əliağa Ağayevin həmkarları arasındakı ləqəbi “Əmi” olub.
Aktyor işə ictimai nəqliyyatla gedib-gəlirmiş. Əliağa müəllim bir gün işə gedəndə küçədə gənc oğlanı qanıqara görür. Oğlandan bunun səbəbini soruşanda gənc cavab verib ki, bu gün evdə hamı məndən xoş xəbər gözləyir, ancaq mən instituta girə bilmədim, bir balım çatmadı. Bunu eşidən aktyor zarafatla “görək hardan bal tapa bilərik, sənin də işin düzəlsin”, – deyib, onunla instituta gedir. Əliağa Ağayev qəbul komissiyasının üzvlərinə gəncin ağır ailə vəziyyəti barədə danışıb, onun oxumaq həvəsini bildirir. Sənətkar bununla da gəncin instituta qəbul edilməsinə nail olur.
Aktyor bəzən qrimlərini özü edirmiş. O, səhnəyə danışa-danışa daxil olurmuş. Əliağa Ağayevin səsini tanıyan tamaşaçılar onu alqışlayırdılar.

Bir yazı illüstrasyonu olabilir
MUASİRMEDİA.AZ