Ziya Bünyadovun xanımı Tahirə Bünyadova

Tarix

Ziya Bünyadovun xanımı Tahirə Bünyadova: “1946-cı il idi, instituta gedəndə gördüm ki, astanada arıq, uzun oğlan durub. Diqqətimi çəkən bu oğlanın sorağı gələn Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov olduğunu başa düşdüm. Amma onun qaraqabaq, ciddi baxışları məni qorxutdu. Həmişə qapının önündən keçəndə ona qorxa – qorxa baxıb keçirdim. Özü də hara gedirdimsə, tez-tez onu qarşıma çıxan görürdüm. Bu məni çox narahat edirdi. Bir gün anam Moskvaya gəldi. Dedim ki, ana, institutda bir azərbaycanlı oğlan var, ondan qorxuram. Dedi, qızım, sən ona salam ver. İnstituta gedəndə gördüm yenə durub qapıda. Ona yaxınlaşıb salam verdim. O da məndən bu hərəkəti gözləmədiyi üçün salamımı alıb, özünü itirdi. Bununla da tanışlığımız başladı. Sonralar etiraf elədi ki, məndən çox xoşu gəlirmiş, sadəcə yaxınlaşmağa cürət etmirmiş. Dərslərdən sonra rəqs axşamları olanda heç kim məni rəqsə çağırmırdı. Fikirləşirdim ki, gözəl bir qızla niyə heç kim rəqs etmək istəmir? Sən demə, məni rəqsə çağırmaq istəyən oğlanları Ziya aparıb arxada döyürmüş.Rus qızlarının universitetdə ondan ötürü ürəyi gedirdi. Bütün günü onu öpürdülər. Sonra Ziya mənə evlilik təklif etdi”.

MUASİRMEDİA.AZ