Bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sayman Aruz vəzifəsindən azad edildi. Səbəb kimi isə guya 199 nəfər “iranpərəst” yazarın onun əleyhinə olduğu və hansısa sənədə imza ataraq “Sayman Aruz bizi təmsil edə bilməz” dedikləri göstərildi.
Lakin hazırda həmin imza atan güneyli yazarların bir çoxu öz imzalarından imtina edir. Onlar bildirirlər ki, aldadılıblar. Hətta bəziləri məsələ ilə bağlı araşdırma apararaq bunun açıq-aşkar təxribat olduğunu, bu təxribatın arxasında İran xüsusi xidmət orqanlarının dayandığını açıqlayıblar.
Bu məsələ son dərəcə ciddi və təhlükəlidir. Azərbaycan Yazıçılar Birliyinin sədrinin də bu qərara imza atması isə suallar doğurur. Nə olsun ki, o, “xalq yazıçısıdır”? Akademik Ramiz Mehdiyev xəyanət edə bildisə, xalq yazıçısı xəyanət edə bilməzmi?
Məhz buna görə də hesab edirəm ki, bu qaranlıq və şübhəli məsələ dərhal dövlətimiz tərəfindən hərtərəfli şəkildə araşdırılmalıdır.
MUASİRMEDİA.AZ
