Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində vətəndaş qəbulu keçirib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində yaşayan vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Qəbulda rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov qeyd edib ki, vətəndaşların problemlərinin yerində öyrənilməsi və həlli məqsədilə keçirilən səyyar qəbullar dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə, əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Bu istiqamətdə görülən işlərin bundan sonra da ardıcıl və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bir qismi qəbul zamanı operativ şəkildə həll olunub, əlavə araşdırma və tədbir görülməsi tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, obyektiv və vaxtında araşdırılmasının vacibliyini vurğulayıb.
Qəbulda iştirak edən sakinlər ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi davamlı diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər. Sakinlər dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bölgələrdə aparılan genişmiqyaslı quruculuq, abadlıq və infrastruktur layihələrinin onların yaşayış şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verdiyini xüsusi vurğulayıblar.





MUASİRMEDİA.AZ
