Bu gün Bakıda təhsil müəssisəsində baş verən hadisə təkcə bir məktəbin, bir ailənin yox, bütövlükdə cəmiyyətimizin problemidir.
Onuncu sinif şagirdinin sinif müəliməsini odlu silahla yaralaması hər kəsi sarsıtdı və haqlı olaraq bir sualı ortaya çıxardı: Bu anormal düşüncə bir uşağın zehnində necə formalaşdı? Bu cür hadisələr bir anda yaranmır. Heç bir uşaq doğulduğu gündən zorakılığa meyilli olmur. Deməli, burada məsuliyyəti yalnız şagirdin üzərinə atmaqla özümüzü aldadırıq. Əsas günahkar – onu bu həddə gətirən mühit, nəzarətsizlik və biganəlikdir. Bu gün sosial şəbəkələrdə açıq-aşkar reketlik, zorakılıq, aqressiya, əxlaqsız davranışlar “cəsarət”, “güc” və “kişilik” adı altında təbliğ olunur. Yaş həddi nəzərə alınmadan pornoqrafik və tərbiyəsiz məzmun azyaşlıların gözü qarşısında sərbəst şəkildə yayılır. İctimai qınaq isə demək olar ki, yox dərəcəsindədir. Bu mühitdə böyüyən yeniyetmənin sağlam psixologiya formalaşdırması nə qədər mümkündür? Müəllimin də imkanları məhduddur. Müasir dövrdə müəllim nə sərt tənbeh edə bilir, nə də ailənin və cəmiyyətin yerinə məsuliyyət daşıya bilər. Qadın müəllim yetkinlik yaşına çatmış, aqressiv bir şagirdə necə təsir göstərsin? Kişi müəllim isə əl qaldıra bilməz, səsini qaldırsa belə, sabah özü ittiham olunur. Beləliklə, məktəb tərbiyə ocağından çox, sadəcə dərs keçilən məkana çevrilir. Ən qorxulusu isə budur: evdən xəbərsiz şəkildə çantasına odlu silah qoyub məktəbə gətirən şagird sabah cəmiyyətdə özünü necə aparacaq? Bu, təkcə təhlükəsizlik məsələsi deyil, dərin mənəvi və psixoloji böhranın göstəricisidir. Bütün bunların fonunda məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsi də ayrıca müzakirə mövzusudur. Yeniyetmə oğlanların formalaşma dövründə nümunə götürəcəyi kişi müəllimlərin, psixoloqların, nəzarət mexanizmlərinin olmaması boşluq yaradır. O boşluğu isə sosial şəbəkələrdəki zorakı “qəhrəmanlar” doldurur. Nəticə olaraq demək olar ki, bu cür hadisələrin əsas səbəbi: ailə nəzarətinin zəifləməsi, sosial şəbəkələrdə başıpozuqluq, ictimai qınağın yoxluğu, məktəblərdə tərbiyə mexanizmlərinin zəifləməsi, cəmiyyətin öz gələcəyinə qarşı etinasızlığıdır. Bu gün susmaq, “mənə aid deyil” demək sabah daha ağır faciələrə yol açacaq. Unutmayaq ki, məktəbdə baş verən hər bir zorakılıq hadisəsi, əslində, cəmiyyətin özünə vurduğu güllədir.
MUASİRMEDİA.AZ
Fuad Qəhrəmanov Salyan rayon Şorsulu kənd İnzibati Ərazi Nümayəndəsi
