MƏSUMİYYƏTƏ ATILAN MƏRHƏMƏTSİZ GÜLLƏLƏRİN ƏBƏDİ ŞAHİDLƏRİ

Tarix
2017-ci il iyulun 4-də insanlıq vicdanının sükuta qərq olduğu bir gecə yaşandı. Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndinə yönəlmiş vəhşi hücumu yalnız evləri deyil, bir millətin qəlbini hədəf aldı. Bu amansız atəş nəticəsində günahsız bir körpənin gülüşü və onu qucaqlayan bir nənənin ömür dolu nəfəsi yarımçıq qaldı.
Cəmi 14 aylıq Zəhra Quliyeva – günahı yalnız dünyaya gəlmək olan bir mələk…
Və onun yanında son ana qədər sipər olan Sahibə nənə – mərhəmətin, ana nəvazişinin canlı simvolu…
Onların şəhadəti təkcə bir ailənin deyil, bütün Azərbaycanın ürəyində sağalmayan yara oldu. Bu faciə bir daha sübut etdi ki, düşmənin gülləsi yaş tanımır, mərhəmət tanımır, insanlıq tanımır.
Zəhra balanın yarımçıq qalan addımları, Sahibə nənənin dualarla dolu qəlbi bu torpağın yaddaşına əbədi həkk olundu. Onlar günahsızlığın, səbrin və haqsız yerə axıdılan qanların simvoluna çevrildilər.
 Uca Allahdan diləyimiz budur ki, Sahibə nənənin və körpə Zəhranın ruhlarını ən uca məqamlarda qərar versin. Onların şəhadətini qəbul etsin, məzarlarını nurla doldursun.
Bu torpaq sizin adınızı unutmayacaq. Sizin xatirəniz ədalətin səsi, həqiqətin sübutu kimi daim yaşayacaq.
Ruhunuz şad olsun. Azərbaycan sizi unutmadı, unutmayacaq. 
anıt ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir