Bir gün yol ayrıcında bir canavarla bir it rastlaşır. Canavar maraqla soruşur:
– İnsanlar haqqında nə düşünürsən?
İt başını aşağı salır, kədərli bir səslə cavab verir:
– İnsanlar birini alçaltmaq istəyəndə ona “it” deyirlər. Bu, mənə çox ağır gəlir…
Canavar təəccüblənir:
– Niyə? Yoxsa sən onların övladlarına zərər vermisən?
– Əsla! – it dərhal cavab verir.
– Bəlkə onlara xəyanət etmisən?
– Xeyr, heç vaxt!
– Mənim kimi canavarları onlardan uzaq tutub, gecə-gündüz keşiklərini çəkməmisənmi?
İt dərindən ah çəkir:
– Hər zaman onları qorumuşam…
Canavar acı bir gülüşlə başını yelləyir:
— Bəs heyran qaldıqları, cəsur və azad bildikləri kimsələrə nə deyirlər?
İt gözlərini yumub pıçıldayır:
– Onlara “canavar” deyirlər…
Canavar bir addım da yaxınlaşıb deyir:
– Sənə illərdir bizdən biri olmağı təklif etmirəmmi? Mən onların sürülərinə hücum etdim, evlərinə qorxu saldım, rahatlıqlarını əllərindən aldım. Amma buna rəğmən, birini ucaltmaq istəyəndə məni nümunə göstərirlər. Unutma, insanlar çox vaxt onlara zülm edənə heyran olar, sədaqətlə xidmət edəni isə kiçik görərlər.
NƏTİCƏ:
Bu hekayənin mənası budur: Müasir dövrdə insanlar çox vaxt onları qoruyan fədakarlığı deyil, onları əzən gücü üstün tuturlar. Sədaqət artıq adi bir şey hesab olunur, edilən yaxşılıqlar isə sanki bir “borc” kimi qəbul edilir. Səssizcə çəkilən zəhmət dəyərsizləşir, qorxu yaradan güc isə zirvəyə qaldırılır.
İnsan yaddaşı yaxşılığı tez unudur, lakin güc qarşısında hər zaman baş əyir. Bu dövrün ən böyük təzadı da budur: Sədaqətin rəmzi olan “it” kəlməsi təhqirə, vəhşətin simvolu olan “canavar” isə əfsanəyə çevrilir. Çünki dünya artıq vicdanın səsi ilə deyil, gücə olan heyranlıqla hərəkət edir.

MUASİRMEDİA.AZ
