İran kəşfiyyatı sensasion iddia ilə çıxış edib. Bildirilir ki, Pakistan 10 milyard dollar qarşılığında Səudiyyə Ərəbistanına nüvə silahı satıb və silahların yerləşdirilməsi ilə bağlı qərar iki ölkə arasında keçirilən yüksək səviyyəli görüşdən sonra dəqiqləşib. Bu iddia Yaxın Şərqdə güc balansı ilə bağlı müzakirələri yenidən alovlandırıb.
“İran Kəşfiyyat Nazirliyi”nin (MOIS) yaydığı məlumata görə, sözügedən silahların Səudiyyə Ərəbistanı ərazisində yerləşdirilməsi məsələsi Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Asim Munir ilə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında keçirilən son görüşdən sonra konkretləşib.
Güc balansı köklü şəkildə dəyişə bilər
İran mətbuatında yayımlanan şərhlərdə bu razılaşmanın regiondakı güc nisbətini əsaslı şəkildə dəyişdirə biləcəyi və Yaxın Şərqin təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərəcəyi vurğulanır. İddiaya əsasən, Riyad rəhbərliyi İranın artan hərbi potensialına qarşı çəkindirici mexanizm formalaşdırmaq məqsədilə Pakistanla gizli nüvə razılaşmasına gedib.

Silahların konkret hərbi bazalarda yerləşdiriləcəyi iddia olunur
İran Kəşfiyyat Nazirliyinə yaxın mənbələr bildiriblər ki, sövdələşmə təkcə maliyyə xarakteri daşımır, həm də texniki dəstək və yerləşdirmə proseslərini əhatə edir. İddialara görə, nüvə silahları Səudiyyə Ərəbistanında müəyyən hərbi bazalarda yerləşdiriləcək.
Rəsmi təsdiq yoxdur
Məsələ ilə bağlı nə Pakistan, nə də Səudiyyə Ərəbistanı rəsmilərindən hər hansı rəsmi açıqlama verilib. Bununla belə, regional təhlükəsizlik üzrə ekspertlər belə bir inkişafın qlobal miqyasda ciddi diplomatik və hərbi nəticələr doğura biləcəyinə diqqət çəkirlər. Nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair beynəlxalq rejimlər və razılaşmalar baxımından da bu iddia potensial yeni böhran başlığı kimi qiymətləndirilir.
MUASİRMEDİA.AZ
