Bütün müsəlmanları Ramazan ayının gəlişi münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Ramazan təkcə yemək və içkidən imtina ayı deyil, eyni zamanda ibadət və mənəvi islah vasitəsilə həm şəxsi, həm də kollektiv inkişafı təşviq edən bir ay hesab oluna bilər. Bu ayın əsas məqsədlərindən biri insanın fiziki, mənəvi və ruhani baxımdan təmizlənməsidir.
İbadət anlayışı yalnız fiziki rituallarla məhdudlaşmır; daha geniş və ümumi məna daşıyır. İnsanın həm fərdi, həm də kollektiv şəkildə, özü və cəmiyyət üçün yaxşı niyyətlə etdiyi hər bir faydalı əməl ibadət sayıla bilər.
Əgər bir cəmiyyətdə, bir ölkədə hər bir fərd Ramazan ayında və ondan sonrakı aylarda da ibadət anlayışının bu bütöv mənasına əməl edərsə, nəticədə fərdi səviyyədə daha sağlam və məhsuldar insanlar, kollektiv və ölkə səviyyəsində isə bir-birinə qarşı daha diqqətli, məsuliyyətli, inkişaf etmiş və daha xoşbəxt bir cəmiyyət formalaşa bilər.
Digər bir məqam isə ondan ibarətdir ki, Azərbaycan dünyəvi dövlət olsa da, uzunmüddətli İslam ənənələrinə malik bir ölkədir və əhalinin böyük bir hissəsi müsəlmandır. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Qərb mənşəli bayramlar, Yeni il və Halloween, xüsusilə Bakıda Ramazan, Qurban və Novruz bayramları ilə müqayisədə daha təntənəli və görünən şəkildə qeyd olunur.
Bunun səbəbi qismən bayramların mahiyyəti ilə əlaqəli olsa da, müəyyən mənada bu, təqdimat və marketinq məsələsidir. Ramazan ayının ab-havasını əks etdirən vizual elementlər, iftar məkanları, “Soyuq əllər, isti ürəklər” konseptli tematik butiklər, suvenirlərin satışı, şəhər dizaynı, elanlar və plakatlar bu ayın ruhunun cəmiyyətdə daha güclü hiss olunmasına töhfə verə bilər.
Bu sahəyə peşəkar marketoloqlar cəlb edilsə, xüsusi planlama və dizayn işləri aparılsa, Ramazan ayının da brend dəyəri və ictimai görünürlüğü daha yüksək ola bilər. Bu isə həm mədəni kimliyimizin qorunmasına, həm də Ramazan ruhunun cəmiyyət daxilində daha canlı və davamlı şəkildə yaşadılmasına xidmət edər.
MM.AZ
