Bu çərçivədə Salyan Regional Aqrar Təlim Mərkəzinin əməkdaşları tərəfindən Salyan rayonunun Şorsulu kəndində balıqçılıq təsərrüfatının yaradılması mövzusunda kəndin balıqçı fermerləri üçün təlim keçirilib.
Təlim zamanı bildirilib ki, balıqçılıq təsərrüfatı kənd təsərrüfatının strateji və perspektivli sahələrindən biridir. Xüsusilə regionlarda süni göllərin və yarı intensiv təsərrüfat modellərinin tətbiqi həm daxili bazarın tələbatının ödənilməsi, həm də fermerlərin gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər tərəfindən balıq saxlanılan göllərdə optimal su temperaturu, balıqların artım tempi, yarı intensiv göllərdə sıxlıq norması, qida konversiyası əmsalı kimi mühüm göstəricilər barədə ətraflı məlumat verilib. Eyni zamanda suyun keyfiyyəti və texniki standartları, gündəlik yem normasının düzgün təyin olunması, yemin tərkibindəki zülal miqdarı və balanslaşdırılmış qidalanmanın əhəmiyyəti fermerlərin diqqətinə çatdırılıb. Təlim interaktiv formada keçib, fermerləri maraqlandıran suallar cavablandırılıb. Bundan əlavə, iştirakçılar digər aqrar sahələrlə bağlı haqlı narazılıq və təkliflərini də mütəxəssislərlə müzakirə ediblər. Qarşılıqlı fikir mübadiləsi kənd yerlərində balıqçılıq təsərrüfatının daha səmərəli təşkili və inkişafı üçün mühüm addım kimi dəyərləndirilib.
MUASIRMEDIA.AZ
FUAD QƏHRƏMANOV SALYAN
