Bu gün Suverenliyiimizi təmin edən Qəhrəman Vətən oğlu, antiterror Şəhidi CƏLİLOV DEVİD RAUFOVİÇİN Cənnətdə mövlud günüdür (29.02.2004; Xaçmaz rayonu Xudat şəhəri-20.09.2023;Ağdam rayonu Papravənd kəndi).
Qəhrəman qardaşım Devidin əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin.
Qəhrəman qardaşım Devidin əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin.
CƏLİLOV DEVİD RAUFOVİÇ
Şəhid əsgər Devid Raufoviç Cəlilov 29 fevral 2004-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuşdur. O, iki bacının tək qardaşı idi. 2010-2021-ci illərdə Xaçmaz rayon Xudat şəhər Kərim Məhərrəmov adına 3 nömrəli tam orta məktəbində orta təhsil almışdır. Karate, güləş, boks və üzgüçülüklə məşğul olan Devid yeddi illik musiqi təhsili almış, fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 aprel 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, əvvəlcə Gəncədə, sonra isə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. O, Komando Briqadasında, komando kəşfiyyat bölüyünün tuşlayıcısı kimi hərbi xidmət edirdi. Könüllü olaraq iki aylıq snayper kurslarına yazılan Devid kursları başa vurduqdan sonra snayper olaraq da xidmətini davam etdirirdi.
Devid Cəlilov 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi təxribat nəticəsində baş verən döyüşlərdə də iştirak etmiş, düşmən təxribatının qarşısının alınmasında böyük xidmətlər göstərmişdir. Döyüşlər bitdikdən sonra hərbi xidmətinə davam etmişdir.
Devid Cəlilov 19 sentyabr 2023-cü ildə Qarabağda separatçı və təxribatçı fəaliyyət göstərən erməni qəsbkarlarına qarşı rəşadətli Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. Ağdam istiqamətində gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərmiş, düşməni darmadağın etmişdir. Əsgər Devid Cəlilov 20 sentyabr 2023-cü ildə Ağdam rayonunun Papravənd kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz subay idi və şəhid olduğu zaman hərbi xidmətinin bitməsinə 10 gün qalmışdı. Şəhid əsgər Devid Cəlilovun nəşi doğulduğu Xaçmaz rayonunun Xudat şəhərində torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Devid Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
MUASİRMEDİA.AZ
SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü
