“Türk Dünyası Həftəsi”nin tədbirləri -Qarabağda davam edəcək-FOTO

ölkə
29 iyun – 3 iyul tarixlərində ölkəmizdə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçirilir.
Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə gerçəkləşən həftə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən 130-dək türkoloq-alimi, eləcə də türk beynəlxalq təşkilatlarının nümayəndələrini bir araya gətirib.
“Türk Dünyası Həftəsi”nin tədbirləri paytaxtımızla yanaşı, işğaldan azad olunan və sürətlə qurulan Şuşa, Ağdam və Xankəndi şəhərlərini də əhatə edir.
Həftənin iştirakçıları iyulun 1-də azad torpaqlara səfər edəcəklər.
Həmin gün qonaqlar Şuşa şəhəri ilə tanış olacaqlar.
Sonra Ağdama gələn nümayəndələr Ağdam Muğam Mərkəzində Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının ifasında “İblis” tamaşasını izləyəcəklər.
Qonaqlar eyni zamanda Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edəcəklər.
İyulun 2-də Xankəndi şəhərində keçiriləcək tədbirlər çərçivəsində Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi” mövzusunda elmi konfrans təşkil olunacaq. Həmçinin iştirakçılar üçün Xankəndi şəhəri ilə tanışlıq turu təşkil ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir