Türk Dünyası Ensiklopediyası: Ortaq İrsi Gələcəyə Daşıyan Böyük Layihə

Müsahibə
Türk xalqlarının zəngin tarixi, mədəniyyəti və ortaq dəyərləri bu gün daha da böyük əhəmiyyət kəsb edir. Bu irsi qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə Atatürk Araşdırma Mərkəzi (ATAM) tərəfindən həyata keçirilən Türk Dünyası Ensiklopediyası layihəsi geniş rezonans doğurub.
Bir hüquqşünas və mediator olaraq, Türk dünyasının birliyinə olan dərin marağımı nəzərə alaraq, layihə rəhbəri, özü də hüquqşünas və mediator olan Atatürk Araşdırma Mərkəzinin sədri Dos. Dr. Ahmet Kılınç ilə onlayn video müsahibə apardım. Görüşümüzdə layihənin məqsədi, əhatəsi, gələcək planları və qarşılaşılan çətinliklər haqqında danışdıq. Ahmet bəyin açıqlamaları layihənin əhəmiyyətini və strateji əhəmiyyətini daha aydın şəkildə ortaya qoydu.
Aşağıda təqdim etdiyim müsahibədə Türk Dünyası Ensiklopediyasının necə bir mədəniyyət körpüsünə çevrildiyini və Türk birliyinə hansı töhfələri verdiyini görəcəksiniz.
Türk Dünyası Ensiklopediyası: Ortaq İrsin Qorunması və Gələcəyə Çatdırılması
Müsahibə:
Hüquqşünas və Mediator Zaur Quliyevin Atatürk Araşdırma Mərkəzinin sədri Dos. Dr. Ahmet Kılınç ilə söhbəti
Zaur Quliyev: Hörmətli Ahmet bəy, öncəliklə Atatürk Araşdırma Mərkəzinin (ATAM) fəaliyyətləri və Türk Dünyası Ensiklopediyası layihəsinin əsas məqsədi haqqında oxucularımıza məlumat verə bilərsinizmi?
Dos. Dr. Ahmet Kılınç: Əlbəttə, Zaur bəy. Atatürk Araşdırma Mərkəzi Konstitusiyamızın 134-cü maddəsinə əsasən yaradılmış bir dövlət təşkilatıdır. Mərkəzimiz Atatürk, Milli Mübarizə və Cümhuriyyət tarixi üzərində elmi araşdırmalar aparır, tələbələrə təqaüd dəstəyi verir, simpozium və konqreslər keçirir, nəşrlər təşkil edir. Digər bir məqsədimiz Türk dünyasının ortaq tarixini, mədəniyyətini və elmi irsini qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Türk Dünyası Ensiklopediyası isə bu missiyanın ən böyük layihələrindən biridir. Ensiklopediya Türk xalqlarının ortaq yaddaşını qorumaq, birliyimizi gücləndirmək və mədəniyyətimizi beynəlxalq səviyyədə tanıtmaq məqsədilə yaradılıb.
Ensiklopediyanın əsası 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə imzalanan Elmi Əməkdaşlıq Protokoluna əsaslanır. Bu protokola görə, “Ortaq Türk Dövlətləri” və “Ortaq Türk Dövlət Adamları” adlı iki əsərin nəşri planlaşdırılmışdı. Daha geniş auditoriyaya çatmaq və rəqəmsal dövrə uyğunlaşmaq üçün ATAM, Rəqəmsal Türk Dünyası Ensiklopediyasını hazırlamaq qərarına gəldi.
Zaur Quliyev: Ensiklopediyanın məzmunu və əhatəsi barədə daha ətraflı məlumat verə bilərsinizmi?
Dos. Dr. Ahmet Kılınç: Ensiklopediya çoxşaxəli bir struktura malikdir. Burada tarixi şəxsiyyətlər, mühüm hadisələr, dövlətlər, mədəni irs, dillər, ədəbiyyat, coğrafiya və ənənələr kimi mövzular yer alır. Əlavə olaraq, Türk dünyasının alimləri, ziyalıları, sənətçiləri və düşüncə adamları haqqında xüsusi bölmələr hazırlanıb. Ensiklopediya təkcə alimlər üçün deyil, geniş kütlələr üçün də nəzərdə tutulub.
Zaur Quliyev: Ensiklopediya rəqəmsallaşdırılacaqmı və beynəlxalq əlçatanlıq təmin ediləcəkmi?
Dos. Dr. Ahmet Kılınç: Bəli, rəqəmsallaşma layihənin ən vacib hissəsidir. 31 dekabr 2024-cü il tarixində yayımlanan Ensiklopediyada hazırda 99 müəllif tərəfindən yazılmış 143 maddə yer alır. Bu məqalələrdən 21-i Azərbaycan türkcəsində yayımlanıb. Ensiklopediyaya https://turkdunyasiansiklopedisi.gov.tr/ saytı vasitəsilə daxil olmaq mümkündür. Gələcəkdə məqalələrin Azərbaycan türkcəsinə, qazaxcaya, qırğızca, özbəkcəyə və digər Türk dillərinə tərcüməsi planlaşdırılır. Qərb dillərinə də tərcümələr nəzərdə tutulub.
Zaur Quliyev: Gələcəkdə bu layihə çərçivəsində hansı yeniliklər planlaşdırılır?
Dos. Dr. Ahmet Kılınç: 2025-ci ilin sonuna qədər Ensiklopediyamızın 1000 maddəyə çatdırılmasını hədəfləyirik. Hər bir maddə üzrə sahəsində ixtisaslaşmış alimlər ilə işləməyə davam edəcəyik. Türk dünyasından alimlərin töhfələrini maksimum səviyyəyə çıxararaq, Ensiklopediyanı bir mərkəz halına gətirməyi planlaşdırırıq.
Zaur Quliyev: Türk Dünyası Ensiklopediyasının Türk birliyinə necə bir töhfə verdiyini düşünürsünüz?
Dos. Dr. Ahmet Kılınç: Ensiklopediya, Türk xalqlarının ortaq tarixini və mədəniyyətini qeyd etməklə mədəni əlaqələri gücləndirir. Bu layihə elmi əməkdaşlıq üçün bir platforma yaradaraq ortaq irsin qorunmasına töhfə verir. Gələcək nəsillər, bu ensiklopediya sayəsində öz kimliklərini daha yaxşı anlayacaq və birliyimizin əhəmiyyətini qavrayacaq.
Zaur Quliyev: Layihənin icrasında hansı çətinliklərlə qarşılaşırsınız?
Dos. Dr. Ahmet Kılınç: Ən böyük çətinlik fərqli ölkələrdən olan alimlərin məlumatlarını vahid bir platformada birləşdirməkdir. Bundan əlavə, hər bir Türk xalqının baxış bucağını əks etdirmək üçün diqqətli araşdırmalar aparmaq lazımdır. Ancaq bu çətinliklər əməkdaşlıq və qarşılıqlı anlaşma ilə həll olunur.
Zaur Quliyev: Oxucularımıza bu layihə ilə bağlı bir çağırışınız varmı?
Dos. Dr. Ahmet Kılınç: Türk Dünyası Ensiklopediyası yalnız bir elmi mənbə deyil, eyni zamanda Türk xalqlarının ortaq yaddaşıdır. Bu layihəni dəstəkləmək, dəyərlərimizi qorumaq və gələcək nəsillərə çatdırmaq hamımızın borcudur.
Zaur Quliyev: Ahmet bəy, bu dəyərli məlumatlar və vaxt ayırdığınız üçün təşəkkür edirəm. Layihədə uğurlar arzulayıram.
Dos. Dr. Ahmet Kılınç: Mən də sizə təşəkkür edirəm, Zaur bəy. Oxucularınıza salamlarımı çatdırır və bu layihədən faydalanmalarını ürəkdən arzu edirəm.
MUASİRMEDİA.AZ
 Hüquqşünas və Mediator Zaur Quliyev
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir