Dilimizdə bir çox Atalar sözləri əsl mahiyyətini itirib təhrifə məruz qalmışdır

Cəmiyyət
Onlardan bir neçəsi ilə tanış olaq.
“Şərikli malın olunca şərikli arvadın olsun.” Hamı bu atalar sözünü düzgün başa düşmür. Belə söz deyib Atalar?
Amma əslində söz belədir. “Şərikli malın olunca şərikli arvatın olsun.” Arvat çəki daşı deməkdir. Ona görə deyirmişlər ki, arvatın (çəki daşın) şərikli olsun amma malın şərikli olmasın……
“Düz Düzdə qalar”
Yazıda qramatik səhv var. Amma bu səhv mahiyyəti məhv edir. Əslində həmin atalar sözü belədir. “Düz düz də qalar”. Bizim təfəkkür “Də”ni ədatdan çıxarıb “Düzə” birləşdirib. Dəqiq fikir budur. “Düz düz də qalar” yəni düzü dəyişdirməyə çalışmayın. Düz düz də qalar.
“Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”
Kəlamdakı “dağ” sözünü bir çoxları “yüksəklik” mənasında başa düşür. Lakin bu sözün başqa mənası da var: dərd, yara (ürəyinə dağ çəkmək). Bu atalar sözündə dağ “dərd” mənasında işlənib. Yəni əgər bağa yaxşı baxsan, o da yaxşı məhsul verər, ürəyin açılar, sevinərsən. Yox, əgər yaxşı qulluq etməsən, məhsul götürə bilməzsən, bu da sənin üçün dərd olar, bağ gözdağına çevrilər.
“Su kiçiyin, yol böyüyün”
Bu atalar sözünü əsas tutaraq suyu ilk növbədə kiçiyə təklif edir, yolla gedərkən böyüyü qabağa buraxırlar. Lakin ilkin variantda bu kəlamda “su” deyil, “suç” (səhv, günah) sözü işlənib. Müdriklərin fikrincə, kiçiklər səhv edə bilərlər, lakin böyüklərin vəzifəsi onlara doğru yol göstərməkdir. İndi “suç”, yəni “günah” sözünün sonundakı samit düşüb və “su” şəklində işlənir.
“Gözəllik ondur doqquzu dondur”
Atalar sözü əslində belə deyil. Təhrif olunmuş şəkildə bizə çatdırılıb. Əslində belədi:
“Gözəllik 10 du 9 cusu dondu.”
“Eşşək nə bilir zəfəran plov nədir?”
Əslində isə eşşəyin zəfəranlı plova heç bir adiyyatı yoxdur.
“Eşşək nə bilir zərpalan nədir?”
Yəni eşşəyin palanı adi oldu ya zərli oldu onun üçün fərq etmir.
“İlanın zəhləsi yarpızdan gedər o da yuvasının ağzında bitər”
Məlum olduğu kimi ilan quru, susuz yerlərdə yaşayır. Yarpız isə adətən rütubətli yerlərdə bitir. Belə olduqda sual yaranır. İlanla yarpız bitkisinin nə əlaqəsi?
Əslində Atalar sözü belədir. “İlanın yarbuzdan zəhləsi gedər o da yuvasının ağzında bitər”
Yarbuz qədim heyvan növüdür. Hazırda onun adı Manqust adlanır. Bu yırtıcı heyvan quş, ilan, xırda gəmiricilərlə qidalanır. O saatlarca ilanın yuvasının ağzında dayanıb onu gözləyir. İlan yuvasından çıxan kimi onu tutub yeyir. Buna görə də bu heyvan ilanın qənimi sayılır. “Yuvasının ağzında bitir” yuvasının ağzında dayanır mənasındadır.
“Bəlkəni əkiblər bitməyib”
Bu söz əslində “bəlkə” deyil, “bəlgə”dir. Bəlgə – əkin sahəsində həmin sahənin sərhədlərini və ya arx keçən yeri göstərir. Ora tapdaq və işlək yer olduğu üçün əkilmir. Həmin atalar sözü də “Bəlgəni əkiblər, bitməyib” şəklində olub. Lakin təhrif olunaraq bu vəziyyətə düşüb.
utananın oğlu olmaz yox,
utanan oğru olmaz
P.s Bu cür misallar çox çəkmək olar. Məqsəd sadəcə düzgün fikiri aşılamaqdır.
Dilimizdə bu gün də yeni atalar sözləri yaranır. Biz xalqın hikmət xəzinəsini qorumalı, gələcək nəsillərə ötürməliyik.
MM.AZ