“Məni yolumdan heç nə döndərə bilməz!”

Siyasət
Əziz dostlar Sizlərə Xalq yazıçısı, Azərbaycan ədəbiyyatı tarixinə nasir, dramaturq, mütərcim kimi düşmüş, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, sosialist əməyi qəhrəmanı, dövlət mükafatları laureatı, Azərbaycan tarixinin XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri akademik Mirzə İbrahimov haqqında hazırladığım məqalənin üçüncü hssəsini təqdim edirəm.
“Məni yolumdan heç nə döndərə bilməz!”
Mirzə İbrahimovun başçılıq etdiyi Ali Sovetin Rəyasət Heyəti konstitusiya müddəasının həyata keçirilməsində xüsusilə təkid göstərirdi. Üç nazirliyin bu sahədəki işinin Rəyasət Heyətində müzakirəyə çıxarılması dövlət strukturlarında böyük əks-səda doğurmuşdu. Rəyasət Heyəti Mədəniyyət Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində və Maliyyə Nazirliyində yoxlama keçirərək, kargüzarlığın Azərbaycan dilinə keçirilməsi vəziyyətini araşdırmışdı. Maliyyə Nazirliyində yoxlama aparılması isə xüsusilə əlamətdar idi. “Azərbaycan dili dövlət idarələrində” məqaləsində Mirzə İbrahimov yazırdı ki, “Bəziləri də idarənin “xüsusiyyətini” bəhanə gətirirlər. Məsələn, deyirlər ki. Maliyyə Nazirliyi sistemində guya Azərbaycan dilini işlətmək çətindir və sairə”. Sonra siyasi gediş kimi Lenindən sitat gətirərək, bu fikrin necə əsassız olduğunu göstərirdi.
Maliyyə Nazirliyinin də yoxlanılması Rəyasət Heyətinin işə necə ciddi diqqət yetirdiyini göstərirdi. Müzakirə zamanı nazirliklərin rəhbərləri Azərbaycan dilinin məcburi tətbiqinə etirazlarını bildirmişdilər. Azərbaycan SSR mədəniyyət naziri Məmməd Qurbanov (Mamed Kurbanoviç kimi tanınırdı) sonralar Azərbaycan KP MK-nın VIII plenumundakı (1959-cu ildə) çıxışında bu barədə belə söyləmişdi: “Mən dedim ki, bu məsələni bu cür metodlarla həyata keçirmək doğru deyildir, çünki bu, olduqca dərin siyasi məsələdir, onun üzərində ciddi düşünmək lazımdır. Həmin iclasda MK üzvü Vitali Səmədov da çıxış etdi. Mən də, o da qeyd etdik ki, belə söhbətlər olduqca pis təəssürat yaradır, millətçilik ruhuna yoluxmuş bəzi elementlər yerlərdə bundan istifadə edirlər, onlar narazılıq doğura bilərlər… Lakin Mirzə İbrahimov yoldaş sözümü kəsərək mənə dedi ki, əgər bu sənin xoşuna gəlmirsə, hara istəyirsən, gedə bilərsən”.
Prosesdə əyintilər də özünü göstərirdi. Bəzi yığıncaqlarda auditoriya azərbaycanlıların rus dilində çıxış etməsinə etirazını bildirir, bəzən belə çıxışlara imkan verilmirdi. Mirzə İbrahimov belə halların ola biləcəyini qabaqcadan görmüşdü və haqqında danışılmış məqaləsində bundan çəkinməyə çağırırdı: “Dövlət idarələrinin Azərbaycan dilində aparılması o demək deyildir ki, azərbaycanca bilməyən bir vətəndaşı cavabsız buraxasan, yaxud onun şikayətinə anlamadığı dildə cavab verəsən. Təbiidir ki, bu da yanlış bir hərəkət olar. Belə vətəndaşlara rus dilində cavab vermək, yəni onu başa salıb təmin etmək lazımdır”.
Həmin illərdə assimilyasiyaya uğramış azərbaycanlılar özləri ana dillərini bilmədikləri halda, rus dilini yaxşı bilməyən azərbaycanlılara uzun illər ərzində həqarətlə baxırdılar. Belə “yeni azərbaycanlı” tipinin formalaşmağa başladığı qırxıncı illərdə hətta Mircəfər Bağırov müşavirələrin birində demişdi: “Azərbaycanlılardan elə yoldaşlar vardır ki, onlar öz ana dillərində yazmamaları, oxumamaları, danışmamaları ilə fəxr edirlər. Bu, saxta fikirdir. Öz ana dilini bilməmək və bununla fəxr etmək – ikiüzlü beynəlmiləlçiliyin özünəməxsus gizli formasıdır”.
Çətinliklərə baxmayaraq, ictimai rəy tərəfindən böyük razılıqla qəbul edildiyinə görə Azərbaycan dilinin tətbiqi uğurla həyata keçirilirdi. Ali Sovetin Rəyasət Heyətində bütün kargüzarlıq işləri ana dilində aparılırdı. 1958-ci il iyunun 27-də özünün işdən azad olunduğu MK bürosunun iclasında Nazirlər Sovetinin sədri Sadıq Rəhimov Nazirlər Sovetində bütün işlərin Azərbaycan dilində aparıldığını etiraf etmişdi.
Yaranışından süqutuna qədər rusdilli təşkilat olan Azərbaycan KP MK-da belə, dəyişiklik əmələ gəlmişdi. 1957-ci il martın 22-də Azərbaycan KP MK katibliyi “Azərbaycan KP MK-ya Azərbaycan dilində daxil olan və MK-dan Azərbaycan dilində göndərilən sənədlərin sayının artması ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul etmişdi. Qərarda qeyd olunurdu ki, “Son vaxtlarda Azərbaycan KP MK-ya Azərbaycan dilində daxil olan və MK-dan Azərbaycan dilində göndərilən sənədlərin xeyli çoxalması, Azərbaycan KP MK bürosunun, katibliyinin və plenumlarının mühüm qərarlarının respublika rayonlarına göndərilməsi üçün Azərbaycan dilinə tərcümə olunması zəruriyyəti, həmçinin Azərbaycan KP MK-nın keçirdiyi büro iclaslarında, plenumlarda, müşavirələrdə kommunistlərin Azərbaycan dilində çıxışlarının artması ilə əlaqədar olaraq Sov.İKP MK-dan xahiş edilsin ki, Azərbaycan KP MK aparatı işçilərinin sayının 5 nəfər artırılmasına icazə versin”.
Azərbaycan dilinin dövlət idarələrində tətbiqi ilə əlaqədar səylər 1958-ci il yanvarın 23-də Mirzə İbrahimovun öz xahişi ilə (?!) vəzifəsindən azad edildiyi vaxtadək fəal surətdə davam eləmişdi (Görünür, ictimai rəy nəzərə alınaraq, o, həmin sessiyada Azərbaycan SSR Ali Sovetinin sədri seçilmiş, 1959-cu il martın 25-dək – yeni çağırış Ali Sovetinin rəhbərliyi seçilənədək həmin vəzifədə çalışmışdı).
İyunun 16-17-də keçirilmiş VIII plenumda “Stalino vilayətinin zəhmətkeşləri arasında kütləvi-siyasi işin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” Sov.İKP MK-nın qərarı ilə əlaqədar olaraq Azərbaycan partiya təşkilatının vəzifələri” müzakirə olunmuşdu. Məruzəçi – Azərbaycan KP MK katibi Abdulla Bayramov dil haqqında qanuna yox, Mirzə İbrahimovun “Azərbaycan dili dövlət idarələrində” məqaləsinə toxunmuşdu. Ancaq sonrakı çıxışlarda dil haqqında qanun müzakirə olunmuşdu və bu məsələyə həddən çox yer verildiyinə görə Sov.İKP MK-nın məsul işçisi Polyanov müzakirənin gedişinə müdaxilə edib söyləmişdi ki, çıxışların üçdə iki hissəsinin dövlət dili haqqında qanuna həsr edilməsi diqqəti əsas məsələdən yayındırır. Müzakirələrdə məqsəd bu idi ki, Mirzə İbrahimov səhvə yol verdiyini etiraf etsin. Bu, sağlam məntiqə zidd mövqe idi – qanun layihəsi sessiyadan əvvəl MK bürosunda yekdilliklə təsdiq olunmuşdu.
Mirzə İbrahimov isə çıxışında demişdi: “Mən respublika Ali Sovetinə gələndə hər həftə adamları qəbul eləyirdim, hər qəbulda qırx, otuz, iyirmi adamla görüşürdüm. Külli miqdarda da məktub alırdım. Qəbullarda və məktublarda İmam Mustafayevin fəaliyyəti sayəsində deyil, ondan əvvəl işləmiş adamların fəaliyyəti nəticəsində yaranmış bir sıra qeyri-təbii hallar haqqında məlumat verilirdi. Misal üçün, azərbaycanlı nazirliyə məktub göndərir və kolxoz əmlakının dağıdılmasından, çatışmazlıqlardan yazır. Azərbaycan dilini bilməyən şöbə müdiri dərkənar qoyur: “Yoxlanılsın, məlumat verilsin”. Bir aydan sonra ona yoxlamanın nəticələri barədə məlumat təqdim olunur. Yenə dərkənar qoyur: “Yoxlanılsın, məlumat verilsin”.
Yerli dili bilməmək, yerli dilə ayrı-ayrı yoldaşlar tərəfindən göstərilən etinasızlıq dövlət və partiya işinə ziyan vurmuşdur, buna qarşı çıxmaq lazım idi. Mən də qulaqlarımı bağlayıb, gözlərimi yuma bilərdim. Vəziyyətim o zaman çox yaxşı idi, mən də bir kəlmə danışmaya bilərdim. Lakin kommunist vicdanım məni bu barədə danışmağa təhrik etdi. Bütün bu eybəcərlikləri ləğv etmək lazım idi. Belə bir vəziyyətin əleyhinə çıxmaq lazım idi ki, mühasib qadın azərbaycanlı fəhlənin məzuniyyət haqqında ərizəsini üstünə atıb demişdi: “Mən sizin fransız dilini bilmirəm!” Biz belə işlərə qarışmalı, ona qarşı çıxış etməli idik, yoxsa beynəlmiləl tərbiyə haqqında dediklərimiz boş ibarə və ritorika olardı”.
Mirzə İbrahimovun çıxışından sonra müzakirəni bütünlüklə onun əleyhinə yönəldən çıxışlar olmuşdu. Onun getdiyi yolu “xalqın mənafeyinə xidmət etməyən yol” adlandırır, ona “hər şeydən əvvəl özünü dərk etmək” tövsiyə olunurdu. Plenumdakı çıxışı “dəyəri bir qəpik olan hiylənin nəticəsi”, dövlət dili haqqında qanunun qəbul edilməsi “xırda burjua, millətçilik təmayülləri”, “millətçilik dalğasının qaldırılması”, “dil məsələsində milli əlahiddəlik, “özününkülərə atəş açan artilleriya” kimi qiymətləndirilirdi. Mirzə İbrahimov “dialektikanı, marksizm-leninizm nəzəriyyəsini dərindən bilməyən”, “marksist-leninçi nəzəriyyənin zənginlikləri ilə hələ də barışmayan”, “kəndli psixologiyası, kəndli nəzəriyyəsi” ilə yaşayan, “millətçi məsələ qaldıran adam” adlandırılırdı, “millətçi ünsürlərin fəallaşması ilə şovinist ünsürlərin də fəallaşmasından” bəhs edilirdi.
Çıxış edənlər ya büro üzvü, ya da MK üzvü, yaxud Ali Sovetin deputatı kimi qanunun qəbul olunmasında iştirak etmişdilər. İndi ondan tələb edirdilər ki, məhz o, səhvə yol verdiyini etiraf etsin. Bu qədər təzyiqlərə baxmayaraq, Mirzə İbrahimov ikinci dəfə söz alıb qətiyyətlə və cəsarətlə çıxış etmişdi. Bu çıxışı ilə də rəhbərliyi razı salmadığına görə plenumun qərarına onun barəsində xüsusi bənd daxil edilmişdi: “Azərbaycan KP MK plenumu qeyd edir ki, MK üzvü Mirzə İbrahimov yoldaş öz çıxışında Azərbaycan KP MK katibi A.Bayramovun məruzəsində haqlı tənqid edilmiş səhvlərinə düzgün, prinsipial qiymət vermədi”.
Cəsarətli Mirzə İbrahimov plenumdakı cavab nitqində əleyhdarlarına qarşı olduqca kəskin çıxış etmiş, hətta təhqiramiz ifadələrdən belə çəkinməmiş, dolayısı ilə ünvanını tapan “Sanço Pança”, “idiot”, “dəli”, “kabinet siçovulları”, “abırsız” kimi sözlər də işlətmişdi. Burada bir məsələni də qeyd etmək istəyirəm ki, uzun müddət Mirzə İbrahimovu dəstəkləməsinə, dillə bağlı qərarın Moskva hökuməti tərəfindən təsdiqlənməsini təmin etməsinə baxmayaraq, respublika rəhbəri İmam Mustafayev həmin iclasda vəziyyətin mürəkkəbləşdiyini, Moskvanın bununla bağlı sərt addımlar atacağını görərək mövqeyini qismən dəyişməyə məcbur olmuş, geriyə çəkilmiş, Azərbaycan dilinin dövlət dili kimi işlənməsinin qeyri-mümkün olduğunu bəyan etmişdi. Həmçinin Mirzə İbrahimovu beynəlmiləlçilik ideallarından qaçmaqda günahlandırmış, dil məsələsində mövqeyinə görə və “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsi ilə bağlı tənqid edəndə o, dövlət başçısından çəkinməyərək yerindən replika vermişdi ki, mən kənd təsərrüfatı ilə bağlı məsələlərdə səninlə mübahisə etmərəm, lakin ədəbiyyat və incəsənətlə bağlı məsələlərdə sənə güzəştə gedə bilmərəm.
Plenumdan dərhal sonra rus dilinin üstün vəziyyətini təmin etmək üçün tədbirlər görülməyə başlandı. İyunun 20-də Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti “Azərbaycan SSR məktəblərində rus və Azərbaycan dillərinin öyrənilməsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul etdilər.
On maddədən ibarət olan bu qərarın yalnız bir maddəsində “Azərbaycan dilinin tədrisini yaxşılaşdırmaq üçün tədbirlər hazırlayıb həyata keçirməkdən” bəhs edilirdi. Qərarın 1-ci maddəsində Azərbaycan, erməni və gürcü dillərində dərs keçilən məktəblərdə rus dilinin; rus dilində, habelə başqa dillərdə dərs keçilən məktəblərdə Azərbaycan dilinin şagirdlərin və onların valideynlərinin arzusu ilə öyrənilməsi prinsipi qeyd olunsa da, sonrakı maddədə “Başqa dildə dərs keçilən məktəblərdə rus dilinin öyrənilməsinin son dərəcə böyük əhəmiyyəti olduğunu və onun millətlərin bir-biri ilə ünsiyyət etməsinin, SSRİ xalqları arasında dostluğun möhkəmləndirilməsinin və onların rus və dünya mədəniyyətinə yaxınlaşdırılmasının qüdrətli vasitəsi olduğunu nəzərə alaraq, habelə respublika zəhmətkeşlərinin arzusu nəzərə alınaraq” respublikanın partiya, sovet və maarif orqanlarına tapşırılırdı ki, “respublikanın bütün ümumtəhsil məktəblərində rus dilinin öyrənilməsini xeyli yaxşılaşdırmaq üçün lazımi tədbirlər görsünlər”.
Qərarda kompleks tədbirlər rus dili müəllimlərinin hazırlanması, yeni rus dili dərsliklərinin, rus dilinin tədrisinə dair metodik vəsaitlərin nəşr olunması, “Qeyri-rus məktəblərində rus dili” adlı metodik məcmuənin ildə 12 nömrəsinin buraxılması, sinifdənkənar işin genişləndirilməsi, xüsusi seminar-kurslar, radio və televiziya verilişləri təşkil edilməsi, qrammofon plastinkaları istehsal olunması və sair nəzərdə tutulurdu. Qərarda belə bir müddəa da vardı ki, “xarici dillərin tədrisi üçün şərait olmayan məktəblərdə dərs planında həmin dillərdən ötrü ayrılmış saatlardan rus dilinin öyrənilməsi üçün istifadə olunsun”. Qərarın mahiyyəti ondan ibarət idi ki, Azərbaycan dilinin öyrənilməsinin könüllülük prinsipi bir daha təsbit olunduğu halda, qeyri-rus məktəblərində rus dilinin tədrisinin zəruri olması əsaslandırılırdı.
Azərbaycan dilinin dövlət dili kimi tətbiq edilməsi uğrunda 1956-cı ilin avqustunda Mirzə İbrahimovun təşəbbüsü və əməli fəaliyyəti ilə başlanan gərgin mübarizəyə 1959-cu ilin noyabrında son qoyuldu.
Ancaq Azərbaycan SSR konstitusiyasında dövlət dili haqqında maddə saxlanıldı və formal da olsa, konstitusiya müddəası kimi əhəmiyyətli idi. 1956-cı il qanunu əllinci illərdə nəinki Azərbaycan dilinin dövlət idarələrindən sıxışdırılmasının qarşısını aldı, eyni zamanda milli şüurun dirçəlməsində böyük rol oynadı və sonrakı illərdə də Azərbaycan dilinin hüquqlarının qorunması üçün təməl rolunu oynadı. 1991-ci ildə, həyatının ahıl çağında ömrünün ötən illərinə, dövlət dili haqqında qanunu qəbul elətdirdiyi dövrə nəzər salan böyük Mirzə İbrahimov demişdi: “Çox çətinliklə olsa da, bizim 50-ci illərdə gördüyümüz işlərin bir faydası oldu. Hər halda, Çingiz Aytmatovun yana-yana göstərdiyi hadisə – Qırğızıstanda (özü də yalnız orada yox) qırğız dilinin başına gələnlər Azərbaycan dilindən yan ötdü. İndi qırğız dili kimi Azərbaycan dilini də əcəl girləmir.”
Qətiyyət, təmkin və məntiq
Xalq yazıçısı, mərhum Elçin Əfəndiyev bir dəfə mənə maraqlı bir hadisə danışdı. “1980-ci ildə, o zamanlar çox dəbdə olan yubileylərin digər müttəfiq respublikalarda keçirildiyi dövrdə, Mərkəzi Komitənin katibi Kamran Bağırovun rəhbərliyi altında Ukraynaya getmişdik. Həmin il Azərbaycanda sovet hakimiyyəti qurulmasının 60 illik yubileyi tamam olurdu. Digər respublikalarda bu yubiley tədbirinin necə keçirilməsindən xəbərim yox idi, ancaq Ukraynaya gedən nümayəndə heyətinin tərkibinə mən də daxil edilmişdim. Xoşbəxtlikdən həmin heyətdə Mirzə İbrahimov da var idi. Qeyd edim ki, “insan yolda tanınar” deyimi nahaqdan söylənməyib, babalarımız çox müdrik olublar. Qatarda iki günlük yol müddətindəki həmin səfər zamanı Mirzə müəllim öz söhbətləri, mehribanlığı, hadisələrə münasibəti ilə hamının rəğbətini qazandı və çox nəhəng insan olduğunu bir daha təsdiq etdi.
Rəsmi tədbirdə qaydalara görə nümayəndə heyətinin rəhbəri yarım saatlıq məruzə etməli idi. Kamran Bağırova söz verildi və o, əvvəlcədən hazırlanmış çıxışı oxumağa başladı. Burada Azərbaycanın tarixi, onun keçdiyi yol, inkişaf mərhələləri, xalqımızla bağlı digər əhəmiyyətli hadisələr Ukrayna ictimaiyyətinə təqdim olunmalı idi. Ancaq Kamran Bağırovun çıxışı o qədər sönük oldu ki, Azərbaycandan gələn biz də heç nə başa düşə bilmədik, qalmışdı ki, zalda əyləşənlər olsun.
Kiyevin ən böyük iclas salonunda keçirilən, iki mindən artıq qonağın iştirak etdiyi tədbiri aparan Ukraynanın o vaxtkı rəhbəri, SSRİ-nin siyasi elitasında ən nüfuzlu şəxslərdən biri sayılan Vladimir Şerbitski, görünür, bir şey anlamadığına görə nümayəndə heyətimizə müraciət etdi ki, əlavə kim danışmaq istəyir? Əslində protokola görə Mərkəzi Komitənin katibindən savayı, heç kəs danışmamalıydı, digər tərəfdən də belə hərəkət olsaydı, Kamran Bağırov tərəfindən yaxşı qarşılanmayacaqdı, o da gedib bunu bir az da “şirinləşdirərək” Birinci katib Heydər Əliyevə deyəcəkdi və heç yaxşı nəticə gözlənilməzdi. Hamı bir-birinə baxdı, təbii ki, heç kəs tribunaya çıxmağa cəsarət etmədi. Digər tərəfdən də böyük bir kütlənin qarşısında, televiziya kanalları vasitəsilə translyasiya edilən bu ağır tədbirdə əvvəlcədən hazırlaşmadan, qeydlər etmədən rus dilində çıxış etmək elə də sadə məsələ deyildi. Həqiqət naminə onu da deyim ki, Kamran Bağırovun monoton, yuxugətirən zəif çıxışı nə respublikanı, nə də xalqı lazımi qədər təqdim edə bilmədiyinə görə hamımızı daxilən narahat edirdi…
Birdən Mirzə İbrahimov əlini qaldırıb söz istədi. Vladimir Şerbitski bunu gördü və onu tribunaya dəvət etdi. Mirzə müəllim tribunaya doğru addımlayanda təəccüb, bir az da istehza doğuraraq zalda təbəssüm yaratması hazırlıqsız, qeydlərsiz, ekspromt şəraitdə etdiyi parlaq çıxış nəticəsində tədricən heyrətə və rəğbətə çevrilməyə başladı. Nə Kamran Bağırovun kinayəli baxışları, nə Vladimir Şerbitskinin az qala “divarı dələ bilən” aurası, nə də zalda əyləşənlərin tanımadıqları bu arıq yaşlı kişinin cəsarətinə təəccübü onu karıxdıra bildi. O, öz gözəl, bəlkə də yalnız ona xas olan parlaq diksiyası ilə Azərbaycanın tarixi, xalqımızın qəhrəmanlıqlarla dolu keçmişi, bu günü, əldə etdiyi uğurlar haqda o qədər aydın, dəqiq, faktlarla zəngin, həm də olduqca maraqlı məlumatlar verdi ki, elə bil bir aydır bu çıxışa hazırlaşır. Onun nitqi zalda divarları silkələyən sürəkli alqışlarla qarşılandı, ən bərkdən və ürəkdən əl çalanlar isə Vladimir Şerbitski ilə Azərbaycan nümayəndə heyətinin üzvləri idi…”
Evə kəndindən Afrikaya kimi
Heydər Əliyevin Mirzə İbrahimova həmişə xüsusi rəğbəti olmuşdur. 1981-ci ildə o dövr üçün çox yüksək mükafat olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi, həmin ildə üçüncü dəfə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri seçilməsi bilavasitə onun qayğısı ilə reallaşmışdır. Mirzə İbrahimovun arzusu nəzərə alınaraq məhz Heydər Əliyevin təşəbbüsü ilə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi yaradılmış, böyük yazıçı ömrünün sonunadək ora rəhbərlik etmişdir.
Heydər Əliyevin Mirzə İbrahimovla bağlı qəbul etdiyi qərarlardan biri də 1977-ci ildə SSRİ xarici işlər nazirinin müavini postuna analoq olan Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri vəzifəsi boşalanda həmin yerə onun namizədliyini irəli sürməsi və Kremlin çətin labirintlərindən bu namizədi keçirə bilməsidir.
Tanınmış ictimai xadim, o vaxtlar məsul vəzifələrdə çalışan Azad Şərifin xatirələrindən: “Həmin illər ölkədə (SSRİ-ni nəzərdə tutur – M.M.) Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsi adlı çox mötəbər bir təşkilat fəaliyyət göstərirdi. Bu komitəyə rəhbərlik nə üçünsə çox vaxt Tacikistandan olan nümayəndələrə həvalə edilirdi. 1977-ci il idi. Heydər Əliyev MK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ənvər Cəbrayılovu və məni öz yanına dəvət etdi: “Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinə Tacikistan nümayəndələrinin daima rəhbərlik etməsini axı kim ənənə halına salıb? İndi orada boş yer var. Bizə lazımdır ki, bu vəzifədə azərbaycanlı yazıçı çalışsın. Məsələn, elə Mirzə İbrahimov. O, nüfuzlu ədəbiyyatçı, məşhur ictimai xadimdir. Bu məsələnin həlli üçün hər ikiniz Moskvaya yola düşün. Ənvər, sən Sov.İKP MK-nın beynəlxalq şöbələri ilə əlaqə yarat, Azad isə Komitəni öz üzərinə götürsün. Orada Aleksandr Dzasoxov məsul katibdir. Bilirəm ki, sən onunla komsomolda birgə çox çalışmısan. Sonra SSRİ Yazıçılar İttifaqında Georgi Markov və Yuri Verçenkoya baş çək. Onların dəstəyini al. Nəhayət MK-nın Mədəniyyət şöbəsi ilə də danışmaq lazımdır. Belə fikirləşirəm ki, orada da bizim təklifimizə müsbət yanaşmalıdırlar. Mirzəni onlar yaxşı tanıyırlar”.
Azad müəllim yazır ki, biz Heydər Əliyevin ssenarisi ilə hərəkət edib Moskvada müsbət rəylər aldıq, ancaq bizə dedilər ki, bu məsələni elə-belə, bizim sözümüzlə həll etmək mümkünsüzdür, Siyasi Büroda ideoloji sahəyə cavabdeh olan “boz kardinal” Mixail Suslova demək lazımdır, onun razılığı olmasa, iş düzələn deyil. Digər tərəfdən də, həmin vəzifəyə xeyli sanballı, Kremldə “adamı” olan namizəd var, bir az tələsmək lazımdır. Biz bu barədə Heydər Əliyevi məlumatlandırdıq, o, bir qədər düşünüb (M.Suslov çox ağır təbiətli, olduqca sərt adam idi), “bir şey fikirləşmək lazımdır”, – dedi. Bilmədik, o, Suslova, yoxsa başqa kiməsə, bəlkə də Brejnevə zəng etdi, ancaq bir həftədən sonra Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin növbədənkənar konfransı keçirildi və bu məsələdən qəti xəbəri olmayan Mirzə İbrahimov yekdilliklə təşkilata sədr seçildi.
1956-cı ildə təsis edilmiş həmin Komitədə Sosialist Əməyi Qəhrəmanı, Tacikistanın Xalq şairi Mirzo Tursunzadə, görkəmli sovet şərqşünası Mixail Kapitsa, SSRİ-nin Suriyada səfiri olmuş diplomat Aleksandr Dzasoxov və digər tanınmış şəxsiyyətlər sədrlik etmişdi və həmin ərəfədə Kremllə sıx əlaqələri olan Rəsul Həmzətov, Aman Kekilov, Georgi Kim, Vladimir Şubin kimi namizədlərin olduğu bir seçki marafonunda hələ Sosialist Əməyi Qəhrəmanı adını da almamış Azərbaycan yazıçısının qalib gəlməsi real görünmürdü. Ancaq Heydər Əliyev bunu bacardı.
Mirzə İbrahimov da bu etimadı ləyaqətlə doğrultdu. O, Komitə sədri kimi dəfələrlə Amerika, İngiltərə, Fransa, Portuqaliya, Əfqanıstan, Vyetnam, Misir, Kipr, Suriya, Zambiya və digər ölkələrdə gərgin keçən səfərlərdə olmuş, beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinə uğurla başçılıq etmişdir. Təmkin və soyuqqanlılıq isə xarakterinin ən önəmli cəhəti kimi hətta ən gərgin və dramatik anlarda da onun xasiyyətini tərk etməmişdir.
1978-ci il fevralın 18-də Kiprin paytaxtı Nikosiyadakı Hilton otelində Mirzə İbrahimov Asiya-Afrika Həmrəylik Hərəkatının tədbirinə sədrlik edirmiş. Bu zaman iki terrorçu zala daxil olaraq Asiya-Afrika Həmrəylik Hərəkatının aparıcı simalarından biri, Misirin mədəniyyət naziri, prezident Ənvər Sədatın yaxın dostu və “intellektual məsləhətçisi” kimi tanınan Yusif əs-Sibaini güllələyir və Kipr hökumətindən Misirə getmək üçün təyyarə tələbi ilə Mirzə İbrahimov da daxil olmaqla 30-a yaxın konfrans iştirakçısını girov götürürlər. Şahidlər danışırlar ki, istər əsir götürülərkən, istərsə də girovluqda qaldıqları üç gün ərzində ölümlə üz-üzə olduqlarına görə müxtəlif reaksiyalar verən, qışqıran, yerə yıxılan, hay-həşir salan insanların içində bircə nəfərin tükü də tərpənmirdi. Hamı məəttəl qalmışdı, istər Hilton otelində, istər zorla avtobusa mindirilərkən, istərsə də Kiprin Larnaka hava limanında avtomat altında üç gün, üç gecə ac, susuz saxlanılarkən bir nəfər öz təmkini, soyuqqanlılığı ilə digərlərinə nümunə göstərirdi – bu, Mirzə İbrahimov idi. Sonralar özü danışırmış ki, “Mən o qədər çətin günlər görmüşəm, ağır sınaqlardan çıxmışam ki, Nikosiyadakı hadisə onların yanında elə bir şey deyildi”. MM.AZ