Nadir Şah Əfşar və çariça Yelizaveta Petrovnanın “sevgi” hekayəti-FOTO

Tarix
Şöhrəti dünyaya sığmayan Şahın qızıl və ləl-cəvahiritla yüklənmiş “fil karvanı” Peterburqa nə məqsədlə göndərilmişdi?
Nadir şah Əfşar (Nadirqulu xan) Əfşarilər sülaləsinin banisi və böyük sərkərdə olub. O, çoban ailəsindən çıxmasına, uşaqlığını son dərəcə yoxsulluq içində keçirməsinə baxmayaraq, sərkərdəlik istedadı və enerjisi sayəsində hakimiyyətin zirvəsinə yüksəlmiş, Şərq tarixinin ən böyük imperiyalarından birini yaratmışdı. Onu “ikinci Makedoniyalı İsgəndər”, sonralar, ölümündən sonra isə “Şərqin Napoleonu” adlandırırdılar. Napoleonun özü də ona heyran idi. Napoleon Qacar hökmdarı Fətəli şaha yazdığı məktubda Nadir şahı tərifləmiş və özünü yeni Nadir saymışdı.
Söhbətimizin qəhrəmanı Nadir Şah (1689-1747) ilə bərabər 2-ci Yelizavetadır (1709-1762).
Tarixdən yaxşı tanıdığınız Pyotrun qızı çariça Yelizaveta Petrovna Romanova heç vaxt ailə qurmayıb. Yelizaveta yüngülxasiyyətli və zövq-səfa dolu həyat tərzi sürməsinə baxmayaraq, onun hakimiyyəti dövründə favoritizm, Yekaterina dövründə olduğu qədər yayılmamışdı. Yəni Yekaterinaya baxanda Yelizaveta məişət və əxlaq cəhətdən toya getməli, necə deyərlər ətəyində namaz qılınmalı bir xanım hökmdar olmuşdur. Amma və lakin…
Düzdür, Yelizavetanın da məşuqları az deyildi, amma o, dediyim kimi, nisbətən “əxlaqlı” idi. Onun sevgililərinə misal kimi Aleksandr Buturlin, Semyon Narışkin, Aleksey Şubin, Aeksey Razumovski, Pimen Lyalin, Nikita Beketov, İvan Şuvalov və başqalarını göstərmək olar. Bundan başqa, Yelizavetanın çox yaxın dostları da olub. Misal olaraq Kiril Razumovski, Pyotr və Aleksandr Şuvalov qardaşları, Mixail Vorontsov, İvan Lestok, Vasili Çulkov, Karl Sivers və Vasili Skvortsovun adını çəkmək olar.
Yelizavetanın nişanlıları isə dünyaca məşhur simalar olub: 15-ci Lüdovik, Moris Saksonski, Karl-Avqust Qolştinski, 2-ci Pyotr və … bizim məşhur tarixi soydaşımız Nadir Şah.
Və elə söhbət də Nadir Şah və Yelizaveta arasındakı “sevgi” və baş tutmamış evlilik haqqındadır.
Bəli, onlar nişanlı olmuşdular.
Bildiyimiz kimi, Nadir şahın işğalçı yürüşləri nəticəsində geniş bir imperiya yaradılmışdı. Bu imperiyaya müasir İran və Azərbaycan ərazilərindən başqa (vilayət və ya vassal ərazilər kimi) indiki Ermənistan, Gürcüstan, Dağıstanın bir hissəsi, Əfqanıstan, eləcə də Bəlucistan, Xivə və Buxara xanlıqları daxil idi. 1737–1738-ci illərdə Nadir şah Şimali Hindistana yürüşə başladı və 1739-cu ildə Böyük Moğolların paytaxtı Dehlini ələ keçirdi.
Hə, indi baxaq görək Nadir Şah öz “nişanlısı” Yelizavetaya necə “jest” edib.
Soyuq bir payız günü- 10 oktyabr 1741-ci il tarixdə Peterburq sakinləri qeyri-adi bir mənzərənin şahidi oldular. Neva sahilindəki nəhəng şəhərin küçələri ilə dəvələr, iri yüklü qatırlar gedirdi. Bu, rus çarına misilsiz dərəcədə zəngin hədiyyələr — qiymətli zinət əşyaları, ecazkar şərq parçaları, qızıl qablar, zəngin at yəhərləri, brilyantlarla bəzədilmiş silahlar gətirmiş türk kökənli İran şahı Nadir şah Əfşarın (1688–1747) səfirlik nümayəndələri idi. Lakin peterburqluları ən çox heyrətləndirən şahın hədiyyə olaraq göndərdiyi on dörd baş bər-bəzəkli fil idi.
Hökmdar fillər üçün indiki Qış stadionunun yerləşdiyi yerdə böyük anbar tikdirməyi əmr etdi. Filləri Fontankada çimizdirirdilər. Fil anbarının yanındakı yer — indiki Manejnaya meydanı “Fil meydanı” adlandırılmağa başladı. Bu heyvanların xatirəsini Manejnaya meydanından keçən Karvannaya küçəsi indi də yaşadır. Həmin vaxtlar burada fil baxıcıları üçün karvansara da tikdilər.
Bəli, bu nəhəng heyvanlar “bəyaz gecəli” şəhərin küçələri boyu təntənəli şəkildə addımlayaraq əzəmətli görkəmləri ilə izdihamı heyran qoymuşdu. Heç bir faydalı məqsəd olmadan bu nəhəng heyvanlar şəhər küçələrində boş-boşuna dolaşdırırdılar. Rusiyanın dilçi alimlərinin dediyinə görə, mənasız gəzişmələri ifadə edən “fil kimi dolaşmaq” (“slonyatsya”) ifadəsi də elə o vaxtdan yaranıb.
Nə isə… Keçək mətləbə.Tezliklə məlum oldu ki, Nadir şah bu zəngin hədiyyələri səbəbsiz göndərməyibmiş. O, Yelizaveta Petrovnaya elçi düşmək istəyirmiş — onun gözəlliyi haqqında söz-söhbətlər o zamankı Persiyaya qədər çatmışdı. Rusların Andrey İvanoviç adlandırdığı vitse-kansler, Ali Məxfi Şuranın üzvü, vaxtilə 1-ci Yekaterinanın favoriti olmuş
Osterman bəhanə ilə şahın səfirinə şar qızı ilə görüşmək imkanı vermədi.
Bu izdivaca can atan Nadir Şahın əsas məqsədi Rusiya ilə bağlanmış bir sıra müqavilələri Şərq adətinə uyğun olaraq möhkəmləndirmək istəyirdi. Bundan başqa Nadir Şah, Türkiyəyə qarşı koalisiya yaratmaq üçün bu nikaha çox ehtiyacı duyurdu. İndiyəcən böyük qələbələr əldə etmiş iddialı Şah üçün istədiyi qadını zorla-xoşla ələ keçirmək adı hal idi. Bir müddət əvvəl Nadir şah məşhur xan Babul-bəyin qızını qaçıraraq onunla evlənmişdi.
Salnaməçilər yazır: “Səfir (Hüseyn xan) qəbul zamanı imperatorun anası, böyük knyaginya Annaya müraciətində dedi ki, onun hökmdarı Moğollardan əldə etdiyi qəniməti, Rusiya imperatoru kimi yaxşı bir müttəfiqlə bölüşmək istəyir. Peterburq nazirliyinin bir hissəsi isə ehtiyat edirdi ki, şahın bu səfirliyi göndərməkdə məqsədi Həştərxanı ələ keçirmək və sərhədləri möhkəmləndirilməmiş görərsə yeni istilalar ola bilər. Lakin səfirin dediyindən belə çıxırdı ki, Şahın əsl niyyəti çar qızı Yelizaveta Petrovna ilə evlənmək istəyidir və bunun müqabilində öz dövlətlərində xristian qanunlarını tətbiq edəcəyini vəd edirdi. O zaman Şahın yaşı 60-ı keçsə də sağlam idi. Hökmdar xanım bəlkə də bu təkliflə razılaşardı, əgər bu, həddən artıq şübhəli görünməsəydi; buna görə ona rədd cavabı verildi.”
İndi keçək əsas məsələyə, görək Nadir Şah öz “sevgilisinə” nişan üçün nələr, indiki ritorika ilə desək nə qədər “başlıq” göndərmişdi?
Tarixçilər yazır: “Səfirin nitqindən sonra şah hədiyyələrinin təntənəli təqdimatı başladı. Anna Leopoldovnaya, İoann Antonoviçə və Yelizaveta Petrovnaya ən zəngin parçalar, brilyant kəmərlər, qızıl və brilyantlı qədəhlər, bəzəkli masa, papaq və şlyapaları bəzəmək üçün lələklər, çox qiymətli üzüklər, qutular təqdim edildi… Bununla yanaşı Hüseyn xan bildirdi ki, dünya hökmdarı bütün rus əsirlərini azad olunmasını əmr edib…” Ümumilikdə 22 əşya, 15 üzük və 14 fil göndərilmişdi. Nadir şahın hədiyyələri arasında Böyük Moğollar sülaləsindən Hindistan hökmdarlarından biri Cahan Şaha (1627–1658) məxsus yaqut, zümrüd və iri almazla bəzədilmiş qızıl oxatma üzüyü də vardı”.
Həmin dövrdə Nadir şah öz qüdrətinin zirvəsinə çatmışdı. Bu vaxta qədər keçmiş səfəvi torpaqlarının hamısından rus və osmanlı qoşunları qovulmuş, Xivə və Buxara tabe edilmiş, əfqanlara yardım etməkdə günahlandırılan Moğol imperatorunun qoşunları darmadağın edilmişdi. Nadir şahın ordusu Böyük Moğolların paytaxtı Dehli şəhərini tutduqdan sonra bu sülalənin bütün xəzinəsi və saysız-hesabsız sərvətləri qalibin əlinə keçdi.
Nadir şah Əfşarın imperiya iddialarını onun taxta çıxması şərəfinə kəsilmiş sikkənin üzərindəki yazı göstərir: “Nadirin — gələcəkdə Kainatı fəth edəcək hökmdarın — taxta çıxması bütün dünyaya məlum olsun.”
Kim bilir, Yelizaveta Petrovnanın şahın üçüncü-dördüncü arvadı olmaq ehtimalı nə qədər idi? Bu, indi bir qədər fantastik səslənsə də, tarixdə belə şeylər olub. Üstəlik Rusiyada hakim knyaginya Anna Leopoldovnanın yanında Yelizaveta artıq ciddi şübhə altında idi. Saray əhli çevriliş hazırlığı planından xəbərdar idi və Yelizavetadan qurtulmaq üçün bu nikaha razı idi.
Bəs bu “nişanlanma” törəninin sonu nə oldu? Heç nə. Nadir Şahın istila etdiyi dövlətlərin xəzinəsindən yağmalanmış dəyəri milyonlarla ölçülən ləl-cəvahirat Rusiyada qaldı. Bax belə bir zamanda çar qızı olan Yelizaveta, az sonra hərbi çevriliş edərək hakimiyyəti ələ aldı. Artıq ona nə Nadir Şah lazım idi, nə də onun bər-bəzəkli dəvələri. Zira o dəvələrin belındəki sərvət artıq Yelizavetanın əlində idi.
Bax elə buradaca qeyd etmək lazımdır ki, məhz bu hədiyyələr sayəsində, hazırda həmin eksponatlarının saxlanıldığı Ermitaj, XVII — XVIII əsrin əvvəllərinə aid Hindistan qızıl qablarının bu qədər geniş kolleksiyasına malik yeganə dünya muzeyinə çevrilmişdir. Bu cür nümunələr hətta Hindistan muzeylərində belə qorunmayıb.
1742-ci ildə iki dövlətin sərhədində silahlı toqquşmalar başladı. Rusiyanın İrandakı rezidenti Kaluşkinin məlumatına görə, Nadir şah Rusiyanı fəth etməklə hədələyirdi. Əfşar dövləti ilə münasibətlərin pisləşməsi səbəbindən artıq imperatriça Yelizaveta sərhədə gücləndirilmiş qoşun korpusu göndərdi. Rusiya imperiyası Osmanlıdan əlavə öz qonşuluğunda daha bir güclü müsəlman dövlətinin olmasını istəmirdi. Buna görə də rus hökumətinin regiondakı sonrakı siyasəti Əfşar dövlətinin təsir və qüdrətini zəiflətməyə yönəlmişdi.
Nadir Şah 1747-ciildə öz mühafizəçiləri tərəfindən qətlə yetirildi.
Yelizaveta Petrovna uzun sürən xəstəlikdən sonra 1762-ci ildə vəfat etdi. Yeri gəlmişkən, Yelizaveta Rusiyada elm və incəsənətin çiçəklənməsində önəmli rol oynayıb. İndiki Moskva Dövlət Universitetini və Sankt Peterburqdakı İncəsənət Akademiyasınının qurulması onunadı ilə bağlıdır. Sankt Peterburqdakı Qış sarayı və Smolnı kafedralı yaradıldı, onun hakimiyyəti dövründə ölüm hökmü çıxarılmadı.
Bax iki hökmdarın “sevgisinin” qısa tarixçəsi belə olub.
Bir məşhur mahnıda deyildiyi kimi, “Bu sevgidə kim uduzdu, kim uddu?”
p.s.
Bildiyimiz kimi, bizim Gəncə şəhərimiz təxminən bir əsr Yelizavetpol adlanıb. Yəni Yelizaveta adı ilə bağlı olub. Bu, “o Yelizaveta” deyil. Həmin Yelizaveta çar 1-ciAleksandrın arvadı olub, əslən alman şahzadəsidir, qızlıq ad-soyadı Luiza Mariya Avqusta fon Baden olub və şəhər onun adını daşıyıb. Onun da öz öz adaşı Yelizaveta kimi məşuqları, məsələn, Aleksey Oxotnikov, Adam Çartorıyski kimi məşhur sevgililəri olub.
MUASİRMEDİA.AZ

Фируз Мустафа ,
yazıçı, filosof

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir