ŞAH İSMAYIL XƏTAİ “DİVANI”NIN MİSİR NÜSXƏSİ HAQQINDA-FOTO

Dünya
Dünyanın, ələlxüsus, Şərq ölkələrinin ən müxtəlif kitabxana və muzeylərində Azərbaycan alim və ədiblərinin əsərlərindən ibarət əlyazma kolleksiyaları mühafizə edilir.
Azərbaycan alimlərinin çoxlu sayda orta əsr əlyazmalarını öz fondunda toplamış belə kitabxanalardan biri də, əvvəlki statusumuzda qeyd etdiyimiz kimi, Misir Ərəb Respublikasının Qahirə şəhərində yerləşən Misir Milli Kitabxanası və Arxivlər Mərkəzidir (دار الكتب و الوثائق القومية).
Onlardan ən mühümlərindən, görkəmli Azərbaycan dövlət xadimi və istedadlı şair Şah İsmayıl Xətainin (1487-1524) tədqiqat zamanı aşkarladığımız divanını qeyd etməyi özümə borc bilirəm.
Düzdür, Xətainin əlyazmaları XVII-XVIII əsrlərdən başlayaraq elm aləmində məşhurlaşmağa başlamışdır. XIX əsrədək, Avropada Xətai əsərləri əlyazmalarının elmi təsviri işinə başlanana qədər yaxın Şərq müəllifləri şairin əlyazmaları haqqında buna bənzər şəkildə, yəni çox qısa və səthi məlumat vermişlər. Rusiya və Avropa şərqşünaslarından A.Krımski, G.Perç, V.Minorski, Ş.Rio, E.Bloshe, E.Rossi və b. Xətai əsərlərinin nəşri və tədqiqi sahəsində nəzərə çarpacaq şəkildə işlər görmüşlər.
Xətainin bir sıra qədim əlyazmaları AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondunda, Şərq və Qərb ölkələrinin kitabxanalarında qorunub saxlanır. Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Tehran, Təbriz və s. şəhərlərdə də Xətai əsərlərinin qədim əlyazma nüsxələri vardır.
Şah İsmayıl Xətai özü də bir neçə dəfə sağlığında divan bağladığını qeyd etmişdir:
Bu Xətai şerinə tən etmə, ey nakəs həsud,
Cümlə üşşaq əhlinə həmdəm onun divanıdır.
və yaxud:
Ey Xətai, fikri-birkin eylədin əşarə sərf,
Dutdi irfan məclisin dəftərlə divan şimdidən.
Lakin indiyə qədər hökmdar şairə aid divanlar arasında onun sağlığında hansının yazılması elmə dəqiq məlum deyildir. Xətainin saray xəttatı Mahmud Nişapurinin şairin vəfatından 11 il sonra, yəni 942-ci hicri ilində (m.1535) köçürdüyü bir “Divan” tarix etibarı ilə ən qədimidir. Söhbət açdığımız bu nüsxə Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Əlyazmalar fondunda mühafizə edilir.
Lakin tədqiqat zamanı Misirdə aşkarladığımız “Divan” nüsxəsinin Xətainin öz sağlığında yazıldığını güman edirəm. Çünki bu ehtimalı qüvvətləndirən amil və işarələr kifayət qədər çoxdur.
İlk növbədə əsərin fiziki xüsusiyyətləri haqqında məlumatları təqdim edirəm.
Əsər dəridən hazırlanmış, üzəri müxtəlif rəng və fərqli ornamentlərlə bəzədilmiş göz oxşayan üz qabığından ibarətdir. Əsərin daxili isə qızılı, qara, qırmızı və sairə rənglərdən istifadə edilməklə, nəstəliq xətti ilə zərif və nəfis şəkildə yazılmışdır. Bundan əlavə, əsrin bir çox yerlərində nəbati naxış və simvollarla bəzədilmiş haşiyələrə rast gəlmək mümkündür. Əksər səhifələri 14 sətrdən ibarət olmaq şərti ilə əsər 39 vərəqdən ibarətdir. Söhbəti gedən Misir nüsxəsində Şah İsmayıl Xətaiyə aid 146 şeir öz əksini tapmışdır. Əlyazma əsərin katibi Sultan Əli Məşhədidir, lakin əsərin yazılma tarixi qeyd edilməmişdir.
Sultan Əli Məşhədiyə gəlincə isə O, Səfəvi sarayında fəaliyyət göstərmiş ən məşhur xəttat və katiblərdən biri olmuşdur. O, 1437-ci ildə Məşhəd şəhərində göz açmış, ilk dövrlərdə Teymurilər dövlətinin hökmdarı Sultan Hüseyn Bayqaranın (1438-1506) sarayında fəaliyyətə başlamışdır. Teymurilərlə Şeybanilər arasında gedən qanlı müharibələr səbəbi ilə yeni qurulmuş Azərbaycan Səfəvi Dövlətinə pənah gətirmiş, Şah İsmayıl Səfəvinin himayəsi altında sarayda fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, Sultan Əli Məşhədi öz dövrünün böyük ədib və alimlərinin əsərlərini yazıya köçürmüşdür. Misal olaraq, O, görkəmli özbək şairi Əlişir Nəvainin (1441-1501) divanının ilk dəfə istinsax etmişdir. Xəttatlıq sahəsində yaratdığı nadir incəsənət nümunələrinə görə onu “xəttatların sultanı” adlandırmışlar.
Tarix mənbələrində Sultan Əli Məşhədinin miladi tarixlə 1520-ci ildə Məşhəd şəhərində vəfat etdiyi qeyd edilir. Böyük Azərbaycan hökmdarı Şah İsmayıl isə 1524-cü ildə vəfat etmişdir. Məşhur xəttat Sultan Əli Məşhədinin Şah İsmayıl Səfəvinin vəfatından dörd il əvvəl dünyasını dəyişdiyini nəzərə alsaq, Misirdə aşkarladığımız divanın Xətainin sağlığında yazıya alındığı qənaətinə gəlmək mümkündür.
Bununla yanaşı, Misir nüsxəsinin dəri üzlüklə cildlənməsi, təhzib edilməsi və müxtəlif ornamentlərlə bəzədilməsi, başqa ifadə ilə, nəfis şəkildə hazırlanması əsərin Şahın sağlığı dövründə yazıldığı ehtimalını bir daha gücləndirir.
Digər bir məsələni də qeyd etmək lazımdır ki, Misir nüsxəsindəki şeirlərin sayı digər nüsxələrlə müqayisədə azdır. Məsələn, Daşkənd nüsxəsində 257, Təbriz nüsxəsində 250, Britaniya nüsxəsində 242, yuxarıda qeyd etdiyimiz kimi Misir nüsxəsində isə 146 şeir mövcuddur.
Bu da Şah İsmayılın daha sonralar yeni şeirlər yazdığını və vəfatından sonra hazırlanmış divanlarına əlavə edildiyini göstərir.
Yuxarıdq qeyd etdiyimiz nüansları nəzərə alsaq, yekun olaraq əminliklə qeyd edə bilərik ki, Misirdə aşkarlanan nüsxə Şah İsmayıl Xətainin sağlığında yazıya alınmışdır.
Sonda qeyd edə bilərəm ki, dünya kitabxana və muzeylərində saxlanılan Azərbaycan klassiklərinin əsərlərinin əlyazma nüsxələrinin əldə edilməsi və tədqiqatlara cəlb edilməsi, vətən tarixinin, xüsusilə mədəniyyət tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bir sıra alimlərimizin ayrı-ayrı əsərləri xarici ölkələrdə çoxdan tədqiq və nəşr olunsa da, ölkəmizdə onların irsi hələ kifayət qədər tədqiqata cəlb edilməmişdir. Bu nöqteyi-nəzərdən, gələcək illərdə bu sahədə elmi tədqiqatların daha ardıcıl və sistemli şəkildə təşkil edilməsinə böyük ehtiyac vardır.
Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir