Tədbir 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr-Konstitusiya Gününə həsr olunub.
Tədbirdən əvvəl iştirakçılar tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, onun əziz xatirəsi ehtiramla yad edilib.
Yığıncağın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyi, Vətən müharibəsində əldə olunan Zəfərin 5 illiyi və ərazi bütövlüyümüzün bərpası ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirilib.
Daha sonra Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov məruzə ilə çıxış edib. O, Bayraq Günü, Konstitusiya günü ilə bağlı ətraflı danışıb, həmçinin 5 il əvvəl əldə edilən zəfərimizdən söz açaraq bildirib ki, 30 il işğal altında qalan torpaqlarımızda artıq xalqımızın nəfəsi var. Şəhidlərin canı, qazilərin sağlamlığı bahasına geri alınan bu torpaqları qorumaq, abadlaşdırmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur və bunun üçün dövlətimiz tərəfindən də böyük işlər görülür.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Hafiz Hüseynov isə çıxışında Konstitusiya Günü ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, bu gün xalqımızın dövlətçilik tarixində mühüm bir mərhələni simvolizə edir. 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin suverenliyinin, hüquqi və demokratik dövlət quruculuğunun əsasını qoydu. Bu mühüm sənəd insan hüquq və azadlıqlarının təminatçısı olmaqla yanaşı, dövlət-vətəndaş münasibətlərində bərabərlik və ədaləti təmin edir.
Tədbirdə çıxış edənlər arasında Dövlət Sosial Müdafiə Fondunun Regionlarla İş üzrə Mərkəzi filialının Ağcabədi rayonu qəbul şöbəsinin müdiri Emin Əsədov , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Ləman Zeynalova və 9 nömrəli tam orta məktəbin çağırışaqədərki hərbi hazırlıq rəhbəri ,Vətən müharibəsi iştirakçısı Cavid Mirzəyev yer alıblar.
Çıxışlarda Konstitusiyanın dövlətçiliyimizin əsasını təşkil etməsi, hüquqi dövlət quruculuğundakı rolu və ərazi bütövlüyümüz uğrunda aparılan mübarizədə milli həmrəyliyin önəmi vurğulanıb.




MUASİRMEDİA.AZ
