Trampın Qəzza ücün sülh şurası yaradıb

Dünya
ABŞ prezidenti Donald Tramp Qəzza sektorunun bərpasına nəzarət etmək üçün “Sülh Şurası”nın yaradıldığını elan edib. O, bu barədə “Truth Social” platformasında paylaşım edib və Şuranın tərkibinin yaxın vaxtlarda açıqlanacağını bildirib.
Məlumata görə, yeni struktur Trampın Qəzza üzrə 20 maddəlik planının bir hissəsidir. Planın növbəti mərhələsi bərpa prosesi, idarəetmənin keçid modeli və təhlükəsizliklə bağlı mexanizmləri də ehtiva edir; o cümlədən beynəlxalq qüvvələrin yerləşdirilməsi və HƏMAS-ın silahsızlaşdırılması ilə bağlı müddəalar müzakirə predmeti kimi təqdim olunur.
Tramp bildirib ki, Şura keçid dövründə Qəzzada gündəlik idarəetməni həyata keçirəcək “texnokrat Fələstin hökuməti”nə nəzarət etməlidir və həmin quruma dəstək verir. ABŞ prezidentinin sözlərinə görə, ikinci mərhələyə keçid artıq rəsmən başlanıb. Bu barədə daha əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff açıqlama verib.
Tramp həmçinin atəşkəsdən sonra Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı addımların atıldığını, Misir, Türkiyə və Qətərin vasitəçiliyi ilə HƏMAS-la “tam demilitarizasiya”nı nəzərdə tutan daha geniş razılaşma hədəfləndiyini qeyd edib.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra bölgədə eskalasiya kəskinləşib. Ardınca İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. Hücum nəticəsində təxminən 1200 nəfər öldürülüb və 250 nəfər girov götürülüb. Bəzi girovlar sonradan dəyişdirilib və ya azad edilib, digərləri isə öldürülüb. Buna cavab olaraq İsrail HƏMAS-a müharibə elan edib.
Müxtəlif mənbələr müharibənin böyük humanitar itkilərə səbəb olduğunu bildirir. Məlumata görə, Qəzza zolağında İsrail hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 70 mini keçib, 169 mindən çox insan yaralanıb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir