Uşaqlıq illərim tez-tez yadıma düşür.
O illərin içində bir ayrı nostalji hisslər var. …Günəş hələ dağın arxasından boylanmamış həyətlərdə tərpəniş başlayardı. Kənd camaatı tövlələrin qapılarını açar, inəklərin mələrtisi, toyuq-cücənin səsi kəndi bürüyərdi. Sübhün xoş havası adamın üzünə dəyər, torpaqdan nəm, təzəlik ətri gələrdi. Hər evdə bir iş, bir hazırlıq vardı. Kimi mal-qaranı örüşə çıxarar, kimi işə tələsər, kimi də çantasını götürüb məktəbə gedərdi. Qapılar açılıb-bağlanar, qonşular bir-birinə mehribanlıqla salam verərdi. O vaxt kənd tamam başqa cür idi. İnsanlar mehriban idi. Çox şeyi sözlə yox, baxışla anlayardıq. Hamı bir-birinə qayğı ilə yanaşardı. Böyüyə hörmət səs tonundan, kiçiyə sevgi baxışdan hiss olunardı. Hər şey bir az səbirli, bir az imalı, bir az da Allah qorxusu ilə idi. İnsanlar saf, təmənnasız idi. Uşaqlar böyüklərin sözünü kəsməz, böyüklər də uşaqlara məhəbbətlə yanaşardı. Hamı diqqətli idi. Çünki bilirdik ki, ehtiyatsız deyilən bir söz könül qıra bilər. Kəndimizdə Seyidlər məhəlləsi vardı. Bu ad sadəcə bir yer adı deyildi. Orası inamın, ehtiramın ünvanı idi. Məktəbimiz də həmin məhəllədə yerləşirdi. O məhəllədə hamının hörmət bəslədiyi Mir Tağı ağa adlı bir seyid yaşayırdı. Demək olar ki, hər gün onu görərdik. Üzündəki nuru, mehribanlığı hamını özünə bağlamışdı. Hətta qonşu kəndlərdən də onun ziyarətinə gələnlər olurdu. Kimin nə müşkülü olsaydı, onun cəddinə nəzir boyun alardı. Uşaqlar onu görən kimi ətrafına yığışardı. Bilirdik ki, “həsir zənbil”indən yumşaq iris çıxarıb hamımıza paylayacaq. O şirniyyat təkcə ağız dadı deyildi, sanki könül payı idi. Maraqlısı da o idi ki, Mir Tağı ağanın verdiyi o “yumşaq iris”i dükanlarda tapmaq olmurdu. Camaat onun adına and içərdi. Bu and qorxudan yox, sevgidən doğardı. Sovet dövrünün qadağaları, təzyiqləri də insanları ondan uzaq sala bilmədi. Çünki inam qanunla ölçülmür, ürəklə yaşanır. Mir Tağı ağa dünyasını dəyişəndə də bu sevgi öz sözünü dedi. Onu ümumi qəbiristanlıqda yox, o zaman qeyri-mümkün olsa da öz həyətində dəfn etdilər. Çox söz-söhbət oldu, təzyiqlər göstərildi, amma camaat geri çəkilmədi. İnandıqlarına toxunmağa imkan vermədilər. Uşaqlıq xatirələrimdə Mir Tağı ağa bir az da möcüzələri ilə qalıb. Birinci, ya da ikinci sinifdə oxuyurdum. Qulağımın dibində ağrılı bir şiş çıxmışdı. Atam məni Boradigah qəsəbəsindəki xəstəxanaya apardı. Həkim baxdı, dərman yazdı. Kəndə qayıdanda avtobusda Mir Tağı ağa ilə rastlaşdıq. Atamla səmimi münasibətləri vardı. Halımı biləndə heç nə demədi. Sadəcə əsasına tüpürüb qulağıma vurdu. İnanın, iki-üç saat keçməmiş o şişdən əsər-əlamət qalmadı. Bir dəfə də səhər tezdən məktəbə gedirdim. Kəndin körpüsünün yanında bir maşın dayanmışdı. Sürücü yad adam idi, maşın qəfil xarab olmuşdu. Kənd camaatı başına yığılmışdı. Kimsə uzaqda dayanan Mir Tağı ağanı göstərib sürücüyə dedi: — Ağa sənə onu da götürməyi işarə etməmişdi? Sürücü tərəddüdsüz cavab verdi: — Əl qaldırdı. Mən isə “xaltura etmirəm” deyə saxlamadım. — Get, ondan üzr istə, — dedilər. Sürücü ağanın yanına gedib üzr istədi. Onu tanımadığını dedi, bağışlanmağını xahiş etdi. Mir Tağı ağa maşına minmədi. Sadəcə sakit səslə: — Get, maşınını sür. Amma gələcəkdə belə səhvləi etmə— dedi. Sürücü maşına qayıtdı. Elə ilk cəhddən mühərrik işə düşdü… Bunlar nə əfsanədir, nə də uydurma. Bunlar uşaqlıqdan yaddaşımda qalan xoş hadisələrdir. Mir Tağı ağa bizim üçün sadəcə bir seyid deyildi. O, sakit möcüzələrin adamı idi. Danışmadan təsir edən, izah etmədən inandıran, varlığı ilə təsəlli verən bir insan. İndi Seyidlər məhəlləsi əvvəlki kimi deyil. Məktəbin də yeri dəyişib. Amma Mir Tağı ağanın adı hələ də yaddaşlarda yaşayır. Çünki bəzi insanlar dünyadan köçsə də, xalqın yaddaşında qalır. Allah sənə rəhmət eləsin, Mir Tağı ağa.

.MUASİRMEDİA.AZ
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.