Sumqayıtda səkinin kənarında qoyulan bir neçə yeşik alma MUBAHİSƏSİ-FOTO

ölkə
Sumqayıtda səkinin kənarında qoyulan bir neçə yeşik alma ölkədə məmur–vətəndaş münasibətlərinin hansı həddə çatdığını göstərməyə kifayətdir.
Hadisə təkcə küçə ticarətinə qarşı aparılan reyd deyildi. Bu, səlahiyyətin necə başa düşüldüyünün, gücün hansı formada tətbiq edildiyinin açıq nümayişi idi. Kameralar qarşısında baş verənlər bir daha sübut etdi ki, problem qayda pozuntusunda yox, qanunu əvəz edən məmur təfəkküründədir.
Diqqət çəkən əsas məqam məmurun yanında dolaşan, statusu və səlahiyyəti bilinməyən boynuyoğun şəxslərin davranışıdır. Onların üzündə nə dövlət mədəniyyəti var, nə də hüquq anlayışı. Özlərini elə aparırlar ki, sanki qarşılarında qayda pozan vətəndaş yox, düşməndən alınmış qənimət dayanıb. Bu davranış nə inzibati tədbirdir, nə də hüquqi prosedur. Bu, açıq güc nümayişidir.
Cəmiyyətin haqlı sualı yaranır, bu adamlar kimdir? Hansı hüquqi əsasla vətəndaşın mülkiyyətinə toxunur, göstəriş verir, müsadirə edir? Əgər məmurun özü belə qanunu pozursa, onun yanında gəzən qeyri-rəsmi “icraçılar” hansı çərçivəyə sığır? Bu sualların cavabsız qalması problemin miqyasını daha da genişləndirir.
Ən təhlükəli məqam isə bütün bu proses gizli yox, açıq şəkildə, kameralar qarşısında baş verir. Bu isə qorxunun yoxluğundan, məsuliyyət hissinin itməsindən xəbər verir. Məmur qanunsuzluq etdiyini anlamır, ya da anladığı halda buna əhəmiyyət vermir. Çünki cəzasızlıq hissi artıq davranış normasına çevrilib.
Bəziləri bu hadisəni kiçiltməyə çalışır. Amma məhz bu cür “xırda” görünən haqsızlıqlar böyük sistem problemlərinin başlanğıcı olur. Bu gün alma yeşiyi aparılırsa, sabah daha qiymətli əmlak eyni rahatlıqla əlindən alına bilər. Hüquq dövləti anlayışı da elə bu məqamda sınağa çəkilir.
Unutmaq olmaz ki, məmur adi şəxs deyil. O, dövlətin adından danışır və dövlətin gücünü təmsil edir. Buna görə də onun hər bir qanunsuz hərəkəti, hər bir kobud davranışı birbaşa dövlətin ünvanına yazılır. Vətəndaş məmurun arxasında fərdi insanı yox, dövləti görür və münasibətini də buna görə formalaşdırır.
Bu cür məmurcuqlar və onların ətrafında formalaşan boynuyoğun kölgələr cəzalandırılmadıqca, vəziyyətin daha da pisləşəcəyi qaçılmazdır. Qanun işləmədikcə, yerini güc, qorxu və özbaşınalıq tutur. Halbuki dövlətin gücü əzələdə yox, qanunun aliliyində olmalıdır.
Bu hadisə bir video ilə bitmir. Bu, cəmiyyətə verilən açıq mesajdır: ya qanunsuzluq vaxtında dayandırılacaq, ya da sabah daha ağır görüntülər adi hal kimi qəbul ediləcək. Dövlətin nüfuzu da məhz bu seçimdən asılıdır.
Maraqlıdır ki, bütün bu açıq qanunsuzluqlara baxmayaraq, məmurun hansı məsuliyyətə cəlb edildiyi barədə indiyədək heç bir rəsmi məlumat verilməyib.

bir veya daha fazla kişi ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir