Yas mərasimləri hər bir cəmiyyətin mənəvi güzgüsüdür.
Bu mərasimlərdə insanın acısı, səbr anlayışı, inancı və vicdanı üzə çıxır. Təəssüf ki, bizdə uzun illərdir yas mərasimləri öz mahiyyətindən uzaqlaşaraq sosial bir məcburiyyətə, bəzən isə açıq-aşkar nümayiş vasitəsinə çevrilib. Halbuki yas nə süfrə yarışı, nə də imkan nümayişidir. Mən elə bir mühitdə böyümüşəm ki, uşaqlığım Quran sədası ilə başlayıb. Din anlayışı evimizdə təmtəraqla yox, sadəliklə, halallıqla ölçülüb. Bu baxımdan yas mərasimlərində qurulan dəbdəbəli süfrələr nə dini, nə də mənəvi baxımdan izah edilə bilir. Yas sahibinin dərdinə şərik olmaq əvəzinə, onu əlavə qayğıya salmaq cəmiyyət olaraq üzərimizə düşən məsuliyyətlə ziddiyyət təşkil edir. Əgər insanın imkanı varsa və doğrudan da əzizinə ehsan vermək istəyirsə, bunun yolu süfrədən keçməməlidir. Həmin vəsaiti faydalı işlərə yönəltmək daha təqdirəlayiq olardı. Yol çəkmək, su xətti çəkmək, yaşadığın ərazidə uzun illərdir həllini tapmayan bir problemi aradan qaldırmaq, ehtiyacı olan insanlara yardım etmək məncə daha savab olardı. Belə xeyir işlər həm ölənə savab qazandırar, həm də cəmiyyətə real fayda verər. Bir neçə saatlıq yemək süfrəsi unudular, amma görülən xeyirli iş illərlə xatırlanar. Bu dəyişikliklərin baş verməsi üçün cəmiyyətdə inam formalaşmalıdır. İnam isə sözlə yox, əməl ilə yaranır. Məhz buna görə də bu işdə ilk addımı imkanlı şəxslər, xüsusilə də din xadimləri atmalıdır. İnsanlar dini bilik və mənəvi rəhbərlik baxımından onlara baxır, onları nümunə götürür. Əgər din xadimi öz yasını sadə keçirirsə, süfrə açmırsa, ehsanı xeyirli işə yönəldirsə, cəmiyyət bunu daha rahat qəbul edəcək. Din xadimi özü əməl etmədiyi bir çağırışı başqasından tələb edə bilməz. Xütbədə israfın haram olduğunu demək yetərli deyil. Bunu şəxsi həyatında da göstərmək lazımdır. Eyni söz imkanlı insanlara da aiddir. Maddi gücü olan şəxslər sadə yas keçirərək nümunə göstərsələr, bu, maddi imkanı zəif olan ailələr üzərindəki psixoloji təzyiqi də aradan qaldırar. Bu məsələni qadağalarla və ya inzibati yollarla həll etmək çətindir. Amma nümunə ilə başlamaq, ictimai razılaşma yaratmaq mümkündür. İnsan görməlidir ki, hörmət süfrənin zənginliyi ilə ölçülmür. Əksinə, sadəlik hörməti artırır, səmimiyyəti qoruyur. Yas mərasimləri insanı Allaha yaxınlaşdırmalı, həyatın faniliyini xatırlatmalıdır. Əgər biz yasdan çıxanda süfrəni, yeməyi, xərci müzakirə ediriksə, deməli əsas məqamı itirmişik. Dəyişmək üçün isə indi ən doğru zamandır. Bu dəyişiklik yuxarıdan aşağı yox, nümunə ilə yayılmalıdır. İmkanlılar və din xadimləri ilk addımı atarsa, cəmiyyət də ardınca gələcək. Çünki cəmiyyət inandığı yolu yalnız sözlə deyil, gözlə gördüyü nümunə ilə qəbul edir.
MUASİRMÜDİA.AZ
Şərafəddin İlkin, Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.
