(Dostlarım Əli Səlimov və Nicat Novruzoğlu haqqında elegiya)
Birinci itki
Fevralın 6-sı mənim növbəti iş günüm idi. Adətim üzrə səhər tezdən çalışdığım iş yerinə yollandım. Ayın 5-i gecəsi bir gün əvvəlin yuxusuzluğuna görə ertədən yatağıma uzandım ki, bir az gözlərimin yorğunluğunu alım. Yuxu məni necə aparıbsa, nə qədər yatdığımı hesaba ala bilmədim. Gecə yarı elə bil məni kimsə yuxudan oyatdı. Qəfil oyansam da, sonra yata bilmədim. Elə bil yuxum ərşə çəkildi, elə bil nəsə, kimsə məni xəbərdar edirdi ki, ey qafil oyan, dostun can verir. Bəli, səhərədək yata bilmədim, durub yarımçıq qalmış yazımı davam etdirməyə başladım. Səhər saat 9-a 10 dəqiqə qalmış artıq iş yerimdə idim. Xəbər verdilər ki, 7 il əvvəl həyat yoldaşının müalicəsi ilə bağlı Almaniyaya getmiş keçmiş iş yoldaşımız Əli Səlimov dünyasını dəyişib. Bu sarsıdıcı xəbərin dalınca bir başqa iş yoldaşımız mənim keçmiş iş yoldaşım, “Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlunun (Rüstəmovun) gecə keçindiyini xəbər verdi. İnanın səmimiyyətimə, düz 2 saata yaxın özümə gələ bilmədim. Zərbə dalınca zərbə, itki dalınca itki… İlahi, bu nə dəhşət, bu nə müsibət? İkisi də cavan yaşında…
Əvvəla. Əli Səlimov barədə bir neçə kəlmə demək istəyirəm. Əli qardaşımız Qarabağın Qubadlı rayonundan idi. Onunla “Zaman” və “Həftə içi” qəzetlərindən tanışam. “Zaman”da onu yaxşı bir dost kimi tanımışam, amma “Həftə içi”ndə birlikdə eyni sahəni bölüşmüşük. Mən şöbə redaktoru, o isə adicə müxbir. Deyirdi ki, qəzetdə iki ən yaxşı vəzifə var: biri baş redaktor, digəri isə müxbir. Redaksiyada şöbə redaktoru yeri boş olanda ona təklif etdim. Dedi ki, qağa (o, qardaş dediyi adamı məhz belə çağırırdı), mənimlə işin olmasın. Bilirəm ki, xətrimi istəyirsən. Amma mən də öz işimi hər şeydən çox istəyirəm. Beləliklə, boş yerə yaxın durmadı. Mən oradan çıxandan sonra Əli bir müddət qalıb işlədi. Aradan haradasa 10 il keçmişdi, bir də gördüm ki, Əli “Azərbaycan” qəzetinin dəhlizində gəzişir. Soruşub hal-əhval tutduqdan sonra məlum oldu ki, o, burada fəaliyyət göstərəcək. Allah ikimizi də çox istədiyindəndir ki, yenidən eyni kollektivdə çalışmağımıza şərait yaratdı. Deməli, qismətimizdə yenidən üzləşmək var imiş.
2019-cu ildə mən iş yerində səhhətimlə bağlı xəstəxanaya düşəndə Əli qardaşım iş yoldaşımız Elçin Vəliyevlə məni yoluxmağa gəlmişdi. Ailə üzvlərim də yanımda idi. Hər ikisi üzünü bacıma tutub demişdi: – Daşdəmir bizim qardaşımızdır, çox işgüzar və zəhmətkeşdir. Onu qorumaq lazımdır. Özü də səhlənkarlıq etməsə, yaxşı olar. Nəsə, bir az məni danlayandan sonra çıxıb getdilər…
Bizim bir necə dəfə yol yoldaşlığımız olub. “Azərbaycan” qəzetinin kollektivi arasında bir adət var, ildə bir dəfə ürəyimiz istədiyi yerə növbəlilik şərtilə ekskursiya edirik. Əli bizdə Şirvan rayonları üzrə bölgə müxbiri (elə sonuncu olaraq da qaldı, ondan sonra o bölgəyə müxbir götürülmədi) kimi fəaliyyət göstərirdi. Şamaxı, İsmayıllı və Qəbələyə gəzintilərimiz zamanı məsləhət gördüyü məkanlar kollektivin çox xoşuna gəlirdi. Həm bizi aparan maşında, həm gəzdiyimiz məkanda, oturduğumuz yerdə, həm də səfərdən geri qayıdanda Əli bizimlə maraqlı həmsöhbət olurdu. Onun Qubadlı haqqında danışığı, maraqlı söhbətləri heç vaxt yadımızdan çıxmır. Səfərin əvvəlindən sonunadək bizi müşayiət edən Ə.Səlimovun gözəl təşkilatçılıq qabiliyyəti və bacarığı var idi.
2019-cu ilin üzü payıza doğru dönəmində eşitdim ki, onun həyat yoldaşı ağır xəstədir. Müalicə alması üçün Almaniyanı məsləhət biliblər. Başqa yol yox idi, buradakı işini atıb oraya getməyə məcbur oldu. Fesybuk və Votçap əlaqəmiz davam etdiyindən biri-birimizdən xəbər tuturduq. Amma son bir neçə ildə rabitəmiz qırılmışdı…
Dünən isə belə üzücü xəbər aldım… Daşdəmiri qoruyaq deyən Əlini biz qoruya bilmədik…
İkinci itki
Nicat Novruzoğlu ilə xeyli müddət dostluğum olub, haradasa 10 ilə yaxın müddətdə “Ədalət”də çalışmışıq. Nicat özünü sevdirən, böyük-kiçik yeri bilən bir oğul idi.
Bizim sevincli günlərimiz də olub, kədərli günlərimiz də. Pul tapıb evə getdiyimiz günlər də, pulsuzluqdan elə orada, redaksiyanın otaqlarında gecələdiyimiz gecələr də. Səhərisi Aqil Abbas eşidəndə ki, məndə əmanət pul var, niyə oradan götürüb xərcləməmişəm, məni danlayanda cavab vermişəm ki, əmanətə xəyanət edə bilmərəm. Bax belə günlərimizə şahid etmişdi Nicat qardaşım.
Mən oradan çıxandan sonra bacım oğlu Emin “Ədalət”də çalışmağa başladı. Emini orada heç kəsə tapşırmadım. Nicat biləndə ki, bacım oğludur, Eminə yaxın durub bu və ya digər məsələdə ona xeyli köməklik etmişdi. Mən sonradan eşidib onun kişiliyinə əhsən demiş, özünə də zəng edib təşəkkürümü bildirmişdim. O isə, sadəcə, – biz hamımız bu yolu keçmişik. Guya səninlə bizim belə günlərimiz az olubmu? – deyə mənə cavab vermişdi.
Nicat bir neçə dəfə Ağdamda, doğma kəndində olmuşdu. Ona gözaydınlığı verib demişdim: – Ay Nicat, hamı Qarabağa gedir, ziyarət edir. Bəs mən nə vaxt gedə biləcəyəm? Məni kim aparacaq ora? O da yarızarafat, yarıciddi cavab vermişdi: – Məndən başqa kim aparacaq ki?!. Növbəti gedişlərin birinə hazır ol, ikimiz gedib xeyli gəzəcəyik. Amma… Ölüm çox namərdlik etdi, sən məni oralara apara bilmədin, əvəzində bimürvət əcəl səni bizdən qoparıb apardı…
Onun son dövrlərdə səhhəti bir az pisləşmişdi. Arzu olunmaz “qələm sahibləri”ndən biri onun adını özünün cızmaqarasında çəkmiş, onu lağa qoymuşdu. Bunu eşidən kimi Nicatın votçapına yazmış, təsəlli vermiş, onu lağa qoyanın isə nə vaxtsa Allah qarşısında cavab verəcəyinə ümidli olduğumu bildirmişdim. Dünən telefonumun yaddaşına yazılmış bu səsli dialoqumuza qulaq asıb kənarda bir az hönkürdüm, için-için ağladım… Özümü saxlaya bilmədiyimi görən iş yoldaşlarım yaxına gəlib mənə təsəlli verdi, sakitləşdirdilər…
Bu gün sən artıq yoxsan, amma sənin yoxluğuna inanmaq belə istəmirəm. Elə bilirəm haradasansa gələcəksən, haçansa bizim yanımıza qayıdacaqsan. Sənin yoxluğun bizi demək olar ki, məhv etdi. Bu, nağıla bənzəyir…
Nicat ötən il 60 illik yubileyim ərəfəsində mənimlə elə sakit tonda, mülayim danışdı, dəvətimi elə normal qarşıladı ki, mənim ona vurğunluğum birə-on qat artdı. Ümumiyyətlə, Nicat olduqca zarafatcıl idi. Özü də zarafatı sevirdi, ona qarşı kimsə də zarafat edirdisə, normal qarşılayırdı. Özü də çox hazırcavab idi. Bu xasiyyəti onu çox vaxt düşdüyü vəziyyətdən xilas edirdi.
Nicat elə bil ömrünün son günlərini yaşayırdı. O qədər dəyişmişdi, elə gözəlləşmişdi ki, baxdıqca baxmaq istəyirdi adam. Nicatın düzgün, dürüst övlad olmasında tayı-bərabəri yox idi. Biz onunla, sadəcə, iş yoldaşı olmamışıq, aramızda əsl dost münasibəti, qardaşlığımız olub. Heyif ondan, bu da bir ömürüydü, yaşadı və çox uzaqlara getdi…
Ümid edirəm ki, o dünyada məni qarşılayan da o olacaqdır!..





MUASİRMEDİA.AZ
Daşdəmir ƏJDƏROĞLU
Daşdəmir ƏJDƏROĞLU
