Xıllı qəsəbəsi Neftçala rayonun ən böyük yaşayış məntəqələrindən biri olsa da buradakı bəzi küçələrin yolları əsl ucqar kəndi xatırladır. Qəsəbənin mərkəzi yolları asfaltlansa da bir neçə küçənin yollarındakı vəziyyət ürək açan deyil. Nəticədə isə uşaqlı- böyüklü hamı əziyyət çəkir. Sakinlər deyir ki, küçələrinə maşın gələ bilmir, yükləri əlləri ilə daşıyırlar.Uşaqları çiyinlərində məktəbə aparırlar. Zəruriyyət yarandığı halda təcili yardım avtomobili ünvana gəlib çıxa bilmir. Qəsəbə sakini Rövşən Dadaşov deyir ki, “xəstəmiz oldu, bura təcili yardım gəlmir. Gərək xəstəmizi götürək qucağımıza aparaq mərkəzi yola,orada təcili yardım maınına mindirək” . Sakinlərin sözlərinə görə vaxtilə Xıllı rayon, sonradan isə qəsəbə statusu alsa da indi ucqar kəndi xatırladır. Mövcud problemlə bağlı Xıllı bələdiyyəsindən bildirdilər ki, büdcədə yetərli vəsait yoxdur. O üzdən sözügedən küçənin yolunu təmir edə bilmirik. Vəsait ayrıldığı halda həmin küçənin yolunun təmir mümkün olacağı vurğulandı.
MuasirMedia.az
Yaqub Mehdioğlu Neftçala