Mirzə Məhəmməd Zamanbəyli azadlığı, istiqlalı uğrunda mübarizə aparan şəxsiyyətlərdən biridir.

Tarix
Dövrünün tanınmış maarifçisi və xeyriyyəçisi Mirzə Məhəmməd Zamanbəyli doğma xalqının milli azadlığı, istiqlalı uğrunda mətinliklə mübarizə aparan görkəmli şəxsiyyətlərdən biridir.
Mirzə Məhəmməd Zamanbəyli 1860-cı ildə (Azərbaycan Dövlət Arxivinin kameral siyahısına əsasən) Naxçıvan Muxtar Respublikasının Şahbuz kəndində, məşhur sərgərdə, Rus-İran müharibələrinin iştirakçısı Zaman-Xan Kəngərlinin oğlu Hacı Fərzəli Sultan Kəngərlinin ailəsində anadan olub. Hacı Fərzəlibəy naxçıvanlıların xeyriyyəçisi və maarifçisi kimi də tanınıb. O, yoxsul və kimsəsiz ailələrə dəstək olub, imkansız ailələrin uşaqlarının təhsil almasına qayğı göstərib…
* * * * * *
Görkəmli maarifçi və pedaqoq K.D.Uşinskinin layihəsi əsasında 1876-cı ildən fəaliyyətə başlayan seminariyanın seminaristi və ilk məzunlarından biri olan Mirzə Məhəmməd Zamanbəyli fəaliyyətinin bütün dövrlərini xalqın maariflənməsinə həsr edib. O, seminariyada təhsil alarkən tanınmış maarifçi və pedaqoq Çerniyayevskinin siyasi və elmi düşüncələri ilə tanış olub. Təhsilini yüksək nəticələrlə başa vurduqdan sonra gənclik illərindən başlayaraq maarifçiliklə məşğul olub, imkansız ailələrin övladlarına təhsil verib. Maarifçiliklə yanaşı, Mirzə Məhəmməd bəy xeyriyyəçilik xidmətlərini də davam etdirib. Belə ki, o, “Xeyriyyə” cəmiyyətini yaratmaqla mülklərindən əldə etdiyi bütün gəlirləri kimsəsiz və yoxsul ailələrə, uşaqlara paylayıb. Öz vəsaiti hesabına onlarla yeniyetmələri Qori Seminariyasına təhsil almağa göndərib. Bununla yanaşı, maarif fədaisi Şahbuzda məktəb də tikdirib, məktəbin maliyyə məsələlərini də öz vəsaiti hesabına həll edib.
Haqqında qələmə alınmış məqalələrdən oxuyuruq ki, 1918-ci ildə Mirzə Məhəmməd Zamanbəyli Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması üçün mübarizə aparan ziyalılardan biri olmuşdur. Xalq Cümhuriyyətinin qələbəsi ilə yaranan yeni dövlət Şərqin, bütövlükdə türk və müsəlman dünyasının ilk müstəqil dövləti kimi tanındı. Cümhuriyyətin Gəncədə fəaliyyəti dövründə Mirzə Məhəmməd bəy Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi maliyyə və xalq maarifi sahəsində şuranın üzvü kimi fəaliyyətə başladı. O elmi biliyi və pedaqoji təcrübəsini nəzərə alaraq yeni yaradılan dövlətin təklif etdiyi vəzifələrdən imtina etmiş, yalnız təhsildə xidmət göstərməyi qarşısına məqsəd qoymuşdu. Xalq Cümhuriyyətinin Gəncə və Bakıda fəaliyyəti zamanı təhsil sistemində, eləcə də ali təhsil sisteminin yaradılmasında Zamanbəyli öz pedaqoji təcrübəsindən istifadə etmişdi.
Mirzə Məhəmməd bəyin fəaliyyətində ən diqqət çəkən nüanslardan biri də odur ki, görkəmli maarifçi Xalq Cümhuriyyətinin müstəqilliyini tanıtmaq üçün Parisə yollanan Sülh Konfransının nümayəndə heyətinin iştirakçısı olub. Zamanbəyli həmçinin 1919-cu ildə (sentyabrın ayının 1-i) fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin təsis edilməsində fəallıq göstərən şəxsiyyətlərdən biri idi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Mirzə Məhəmməd Zamanbəylinin İran dövlətindən sığınacaq istəsə də, onun müraciətləri cavabsız qalır. Görkəmli maarifçi 1923-cü ildə vəfat edib..

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir