Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il, may ayının 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında “Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn şair idi, “Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı. XIX əsr Ordubad ədəbi mühitinin formalaşmasında, “Əncüməni şüəra” ədəbi məclisinin fəaliyyətində Axund Hacı Molla Hüseyn Bikəsin böyük xidmətləri olub.
Balaca Məmməd ilk təhsilini Ordubad mədrəsəsində Axund Mirzə Həsənin hücrəsində almağa başlayır. Lakin həyat elə uşaq yaşlarından onu sınağa çəkir. O, 6 yaşında olarkən atası Həmzə kişini, 8 yaşında isə anası Səltənət xanımı itirir. Məmməd bacısı Tərlanla ata nənəsi Gülsüm xanımın himayəsinə sığınır. 1919-cu ildə aclıq və qıtlıq üzündən Ordubadda vəba xəstəliyi yayılır. Nənəsi Gülsüm xanım çoxları kimi vəbanın qurbanı olur. Kimsəsiz qalmış 11 yaşlı Məmməd ağır həyat şəraitindən mədrəsədəki təhsilini yarımçıq qoyub özünü və bacısı Tərlanı dolandırmaq üçün Ordubadın Vələver kəndində Mirheydər Mirqədir oğlunun qapısında qoyun-quzu otarır, zəhmət haqqı əvəzinə ildə 2 pud buğda və 2 pud arpa almaq şərti ilə muzdurluq edir. 1923-cü ildə 14 yaşının tamamında Məmməd muzdurluğun daşını atıb Ordubada qayıdır və ipək zavodunda usta şagirdi kimi işə düzəlir. Eyni zamanda savadsızlığın ləğvi məqsədilə zavodda açılmış 3 illik yüksək tipli savad kurslarında ibtidai təhsil alır.
Aylar, illər ötdükcə kağız-qələmə daha çox bağlanır, sözün tilsimli cazibəsi ilə Tiflisdə çap olunan “Yeni fikir” qəzetinə müxbir məktubları göndərir. 1924-cü ildə “Ordubad klubunun halı” adlı ilk məqaləsi “Yeni fikir” qəzetində çap olunanda Məmməd Əkbərin cəmi 15 yaşı vardı. 1925-ci ildə ibtidai təhsilini böyük müvəffəqiyyətlə başa vuran Məmməd ipək zavodu rəhbərliyinin zəmanəti ilə 2 il dövlət hesabına Ordubadda açılan kəndli gənclər məktəbində təhsil alır. Onun acı həyat hekayətindən xəbərdar olan məktəbin müəllimləri Məmmədin oxumağa çox həvəsli olduğunu görüb, dərsə davamiyyətinə diqqət yetirir, geyimə, tədris kitablarına olan ehtiyacını təmin edir, qayğılarını əsirgəmirdilər. Kəndli gənclər məktəbinin direktoru Vəli Məmmədov 1927-ci ildə Məmmədi əlaçı məzun kimi təhsilini davam etdirmək üçün Naxçıvan Pedaqoji Texnikumuna göndərir.
Təhsil illərində onun kəndli müxbir kimi Naxçıvanda, Ordubadda gördüyü müvəffəqiyətlər və kəm-kəsirlər barədə “Şərq qapısı”, “Kommunist”, “Yeni yol”, “Kəndli” qəzetlərinə, “Molla Nəsrəddin” məcmüəsinə göndərdiyi məqalalar, tənqidi yazılar əl-əl gəzir, diqqəti cəlb edirdi. Məmməd Əkbər 1928-ci ildə Naxçivan Pedoqoji Texnikumunu bitirir. May ayında isə “Kəndli qəzetəsi”nin baş redaktoru Hüseyn Eldarov məktubla onu Bakıya, işə dəvət edir. O, əvvəlcə ədəbi işçi, sonra kənd təsərrüfatı şöbəsinin müdiri, bir neçə aydan sonra isə “Kommunist” qəzetində oçerkist, şöbə müdiri vəzifələrinə irəli çəkilir. Bakı mühiti gənc jurnalisitn həyatında dönüş yaradır. Birgə çalışdığı Həbib Cəbiyev (Həbib Cəbiyev “37”-nin repressiya qurbanlarından biridir – M.R), Hüseyn Eldarov, Məmmədəli Sidqi, Əsəd Tahirov, Süleyman Məlikov kimi təcrübəli, istedadlı qələm sahiblərinin iş üslubu Məmməd Əkbərin jurnalist kimi inkişafında, mahir oçerkist, tərcüməçi kimi yetişməsində misilsiz rol oynayır, yaradıcılıq imkanlarına qol-qanad verir. 1931-ci ildə Məmməd Əkbər Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsilini qiyabi davam etdirir. 1932-ci ilin sonunda isə bir illik əsgəri xidmətə çağırılır. Azərbaycan atıcı diviziyasının birinci alayında əsgəri xidmətdə olan yazıçı Məmməd Əkbər diviziyanın siyası şöbəsinin orqanı olan “Qızıl Əsgər” qəzetində işə cəlb edilir. O, tərxis olunduqdan sonra da 1938-ci ilin sentyabrınadək, yəni hərbi qəzet bağlananadək burada oçerkist, xüsusi müxbir, hərbi hazırlıq şöbəsinin müdiri vəzifələrində çalışıb.
Məmməd Əkbərin “Şadman” adlı ilk oçerklər və hekayələr kitabı 1932-ci ildə Azərbaycan dövlət nəşriyyatında çap olunub. 1958-ci ildə Məmməd Əkbər Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. Elə həmin ildən 1941-ci ilin iyuluna, yəni bağlananadək “Revolyusiya və Kultura” (İnqlab və Mədəniyyət) jurnalında çalışır. Bundan sonra o, yenidən “Kommunist” qəzetində mətbuat şöbəsinə təyin edilir. 1941-ci ildə Böyük Vətən müharibəsinin qızğın dövründə Məmməd Əkbər yazıçıların bir dəstəsi ilə səfərbərliyə alınıb, sovet ordusunun tərkibində hərbi müxbir kimi İrana göndərilir. 1942-ci ilin aprelinədək Rəştdə “Sərbazi Sorx” (Qızıl Əsgər) qəzetində əməkdaşlıq edir və İran zəhmətkeşlərini sovet xalqının həyat tərzi, nailiyyətləri ilə tanış etmək məqsədilə oçerklər, məqalələr yazır. 1942-ci ildə Azərbaycan KPMK-nın sərəncamı ilə hərbi müxbir kimi bir aylıq cənub cəbhəsinə, döyüşən orduya göndərilir. Onun Rostov, Donbas, Voroşilovqrad və Lisiçansk ətrafındakı qanlı döyüşləri, əsgərlərimizin rəşadətini, vətəpərvərlik ruhunu, həyata sevgisini əks etdirən silsilə oçerk və hekayələri belə yaranır.
1942-ci ilin sentyabrından Məmməd Əkbər bir müddət Azərbaycan Radio Komitəsinin siyasi verilişlər şöbəsində redaktor işləyir.
1943-cü ilin oktyabrı… Məmməd Əkbər xalq şairi Səməd Vurğun başda olmaqla 8 nəfərlik yazıçılar briqadası ilə Mozdok ətrafında – Şimali Qafqaz uğrunda vuruşan 416-cı Taqanroq diviziyasına ezam olunur. 1 aydan çox davam edən bu səfərdən aldığı cəbhə təəssüratı, şahidi olduğu canlı döyüş səhnələri, döyüşçülərimizin hünəri, Məmməd Əkbərin qələmə aldığı yeni oçerk və hekayələrin əsas mövzusuna çevrilir.
Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin təklifi ilə Məmməd Əkbər 1943-cü ildən “Ədəbiyyat” qəzetinin məsul katibi vəzifəsinə dəvət olunub və ömrünün sonunadək (10 dekabr 1974) həmin qəzetdə müxtəlif vaxtlarda məsul katib, tənqid şöbəsinin müdiri, xüsusi müxbir vəzifələrində çalışıb.
Məmməd Əkbərin səmərəli ədəbi fəaliyyəti hökumət tərəfindən qiymətləndirilərək, 1930-cu ildə “Kəndli” qəzetəsinin 1000-ci sayının çıxması münasibətilə Bakı Soveti İcraiyyə Komitəsinin fəxri fərmanı, “1945-ci il Qafqazın Müdafiəsi Uğrunda” medalı, “1941-45 illər İkinci Dünya müharibəsində əmək rəşadətinə görə” medalı, 1968-cı ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin fəxri fərmanı, 1970-ci ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub. Bununla yanaşı, görkəmli şair 1948-1952-ci illərdə Bakı şəhər sovetinin deputatı olub. O, 1974-cü il dekabrın 10-da 65 yaşında Bakı şəhərində vəfat edib.
2009-cu ildə, Məmməd Əkbərin anadan olmasının 100 illik yubileyi tədbirində çıxış edən Xalq şairi Fikrət Qoca deyirdi: “Bu gün tanınmış yazıçı, səmimi və mehriban bir insan olan Məmməd Əkbərin anadan olmasının yüz illik yubileyini qeyd edirik. Bir adam ki, mənəvi ömür baxımından yüz il yaşaya bilib, deməli onun ölməzliyinin sübuta ehtiyacı yoxdur. Bilirəm ki, hər kəs buraya öz səmimi ürək sözləriylə baş-başa gəlib. Bu da təbiidi. Ona görə ki, o, elə bir insan idi, həmişə adı çəkiləndə sifətlərə təbəssüm qonur. Məmməd müəllim bənzərsiz bir insan, böyük vətəndaş idi. O, repressiya qurbanları haqqında olan xatirələrini heç nədən çəkinməyərək danışırdı, bu yolla onların talelərinin qaranlıq tərəfinə işıq salır, yaddaşlara köçürür, xəyallarda bərpa edirdi. Burada danışılacaq xatirələrdə Məmməd Əkbərin öz canlı büstünün qoyulacağına da əminəm. O, ləyaqətlə yaşadı, mədəniyyətimizə ləyaqətlə xidmət etdi, yurdunda layiqli övladlar qoyub getdi”.
Professor Abbas Zamanov isə bu istedadlı qələm adamı barədə deyirdi: “O, mətbuatda çalışdığı qırx ildən artıq müddətdə bir dəfə də olsun oxucular qarşısında, ədəbi ictimaiyyət qarşısında, öz sənət yoldaşları qarşısında başıaşağı olmamış, zəngin təcrübəsi və ustalığı ilə hamının hörmətini, məhəbbətini qazanmışdır. O, həmişə narahat, həmişə diqqətcil və qayğıkeş idi… Qəzetçi Məmməd Əkbərlə yazıçı Məmməd Əkbər bir gün də olsun bir-birindən ayrı düşməmişdir”.
Qeyd etmək yerinə düşər ki, yazıçı, şair və jurnalist Məmməd Əkbər bir-birindən zəngin hekayələrin – “Kağız”, “Məhsəti”, “Yadigar” hekayələrinin, o cümlədən dəyərli tərcümələrin də müəllifidir. Mixail Kotyubinskinin “Fata Morqana” əsəri, İ. S. Turgenevin “Yalquzaq” (hekayələr toplusu), Vladislav Titovun “Ölümün acığına” əsəri Məmməd Əkbərin tərcüməsində işıq üzü görmüşdür.
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU