Zivər Məmmədova – Azərbaycanın ilk qadın heykəltəraşlarından biri…
Zivər Nəcəfqulu qızı Məmmədova (Tağıyeva) 1902-ci il iyunun 14-də Bakı şəhərində anadan olub. İlk təhsilini o dövrün nüfuzlu məktəblərindən biri olan “Müqəddəs Nina” qız gimnaziyasında alıb. Rəssamlığa və musiqiyə olan marağı Zivər xanımı həm təsviri incəsənət, həm də musiqi sahəsində təhsil almağa yönəldib. Gimnaziyanı bitirdikdən sonra heykəltəraşlıq fakültəsində rəssamlıq kursuna daxil olub. Bu kursu başa vurduqdan sonra isə eyni vaxtda iki ali məktəbə – Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə qəbul olunub. O, həm skripkada ifa edir, həm də rəsmlər çəkir, gildən fiqurlar düzəldirdi. Xatirələrində bu dövrü belə xatırlayırdı: “…Mən boş vaxtlarımda şəkil çəkir, gildən fiqurlar düzəldirdim. Şəhərimizdə rəssamlıq məktəbinin açıldığını eşidəndə canımdan üşütmə keçdi. Yenə ümidim atama idi. Dil töküb onu yola gətirdim, icazə verdi. Dərhal düzəltdiyim fiqurları götürüb rəssamlıq məktəbinə getdim”.
Zivər Məmmədovanın ilk müəllimi Azərbaycan təsviri sənətinin banilərindən olan Əzim Əzimzadə olub. Musiqi sahəsində isə bəstəkar Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində solist kimi fəaliyyət göstərib. 1923-cü ildə “Arşın mal alan” operettasının ilk tamaşasında skripkada ifa edən Zivər xanıma Üzeyir bəy öz şəxsi skripkasını hədiyyə edib. Bu qiymətli alət 1996-cı ildə onun qızı tərəfindən Üzeyir Hacıbəyovun ev-muzeyinə təqdim olunub.
1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirən Zivər Məmmədova sonradan tanınmış heykəltəraşlar Stepan Erziya və Pinxos Sabsayın emalatxanalarında çalışıb. O, xüsusilə portret ustası kimi tanınıb. 1930-1940-cı illərdə bir sıra tanınmış şəxslərin daş portretlərini yaradıb. Onlar arasında müəllimləri Üzeyir Hacıbəyov və Əzim Əzimzadə, opera müğənnisi Hüseynqulu Sarabski, pəhləvan Sali Süleyman, Sovet İttifaqı Qəhrəmanları Gəray Əsədov, İdris Süleymanov və Hüseynbala Əliyev kimi tanınmış simalar var idi.
Zivər xanım 1942-ci ildə Ümumittifaq sərgisində iştirak edib. 1948-ci ildə isə Azərbaycan SSR Rəssamlar İttifaqının üzvü seçilib.
Zivər Məmmədova 1980-ci il aprelin 22-də Bakıda vəfat edib. O, Azərbaycan incəsənətinin öncül qadın simalarından biri kimi tarixə düşüb…

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU