Bu görüş Azərbaycan və İran arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdi” – ŞƏRH “Azərbaycan və İran İslam Respublikası arasında dərin tarixi köklərə əsaslanan diplomatik münasibətlər mövcuddur. Hər iki ölkənin əlaqələri həm qonşuluq münasibətləri, həm də Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızla əlaqədar həssas və bir o qədər də strateji əhəmiyyət daşıyır”. Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı söyləyib. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycan və İran arasında beynəlxalq müstəvidə mövcud olan diplomatik həmrəyliyi və strateji tərəfdaşlıq niyyətini ifadə edir: “Dövlət rəhbərimizin də qeyd etdiyi kimi hər iki ölkənin nümayəndələri BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq platformalarda qarşılıqlı dəstəyi davamlı şəkildə həyata keçirirlər. Bu isə öz növbəsində tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir. Cənab Prezidentin fikirləri onu göstərir ki, tərəflər suverenlik, ərazi bütövlüyü və qarşılıqlı maraqlar əsasında formalaşmış mehriban qonşuluq siyasətini davam etdirməkdə maraqlıdır. Rəsmi Bakı və Tehran gələcəkdə birgə əməkdaşlığın daha da dərinləşməsində, siyasi, iqtisadi və mədəni sahələrdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bir daha nümayiş etdirdi”. Sonda deputat əlavə edib ki, bu görüş Azərbaycan və İran arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdi: “Tərəflər gələcək əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğunu bir daha təsdiqlədilər”.
MM.AZ
YAQUB MEHDİ OĞLU