Elçin Əfəndiyevlə vida mərasimi keçirilib-FOTO

ölkə
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.
Vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Mərhumun cənazəsi Gənc Tamaşaçılar Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub.
Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.
Xalq yazıçısı Elçin Əfəndiyevin həmkarları, dostları, tanınmış elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, mərhumun əsərlərinin çoxsaylı oxucuları teatrın binasına gələrək, unudulmaz nasirə son borclarını veriblər.
Vida mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Xalq yazıçısı, dövlət xadimi Elçin Əfəndiyevin vəfatı yalnız ailəsinin və yaxınlarının deyil, eyni zamanda, xalqımızın, ədəbi sözümüzün və ziyalı dünyamızın ağır itkisidir.
Elçin Əfəndiyevin özünəməxsus və zəngin yaradıcılığı ilə ədəbiyyatımızın inkişafında silinməz iz qoyduğunu söyləyən S.Yusifova deyib ki, onun ömür yolu böyük bir dövrün ədəbi və mədəni salnaməsidir – XX əsrin ikinci yarısından XXI əsrə qədər uzanan çoxşaxəli yaradıcılıq yoludur.
“Elçin müəllim yazıçı kimi həm klassik ənənəni qorudu, həm də müasir ədəbiyyata yeni nəfəs gətirdi. Onun əsərlərində biz tarixi hadisələri, insan talelərini, zamanın mənzərəsini və millətimizin mübarizə yolunu gördük. Bu əsərlər xalqın yaddaşını və mənəvi dəyərlərini yaşadan sənət nümunələridir. Təsadüfi deyil ki, bu gün görkəmli yazıçımızın “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Bayraqdarlar”, “Ölüm hökmü”, “Baş” kimi əsərləri, eləcə də çoxsaylı hekayələri, pyesləri, eləcə də elmi-nəzəri yazıları milli ədəbiyyatımızın qızıl fondunun incilərindən hesab olunur.
Görkəmli yazıçımızın və ictimai xadimimizin xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına (1998), “İstiqlal” (2003), Şərəf (2013), “Şöhrət” (2018) ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2023), eləcə də bir çox xarici ölkələrin mükafatlarına layiq görülüb.
Elçin Əfəndiyevin zəngin irsi əbədi olaraq yaşayacaq, ədəbiyyatımıza bəxş etdiyi əsərlər gələcək nəsillərə yol göstərəcək, onun xatirəsi xalqın yaddaşında daim uca tutulacaqdır”,- deyə mədəniyyət nazirinin müavini vurğulayıb.
Mərasimdə Xalq yazıçıları Anar, Kamal Abdulla və Çingiz Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək Elçin Əfəndiyevin vəfatını böyük kədər hissi ilə qarşıladıqlarını söyləyiblər.
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ailələri adından atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Belə ağır gündə onları tək qoymadığına görə bütün iştirakçılara təşəkkürünü bildirən Günay Əfəndiyeva böyük yazıçı olmaqla yanaşı, xoşbəxt bir ailə modeli yaratdığına, hər zaman xeyirxahlığı, alicənablığı, yüksək insani keyfiyyətləri ilə könüllərdə özünə əbədi sevgi quran atasına borclu olduqlarını söyləyib.
Xalq yazıçısı Elçin Əfəndiyevin cənazəsi Gənc Tamaşaçılar Teatrının binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq böyük yazıçı Elçin Əfəndiyevin cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.
Allah rəhmət eləsin!
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir