Vilayəti: “Bu dəhliz çalışanları üçün Trampa aid bir keçiş yolu deyil, bir məzarlıq olacaq,” deyib

Dünya
İranın ümumi rəhbəri Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayati Terhranın Zəngəzur koridorunun açılmasına qarşı çıxacağını və Rusiya ilə ya da təkbaşına əngəllər yaradacağını bəyan edib.
Vilayəti: “Bu dəhliz çalışanları üçün Trampa aid bir keçiş yolu deyil, bir məzarlıq olacaq,” deyib.
Bu cür açıqlamalar Prezident Məsud Pezeşkiyanın Azərbaycan haqqında söylədiyi xoş sözlərə, fikirlərə, niyyətlərə tam müxalifdir. Dəfələrlə izah olunub ki, Zəngəzur yolu heç kəsə təhlükə yaratmaq məqsədi ilə nəzərdə tutulmayıb, əksinə qonşular da daxil olmaqla bir çox ölkənin iqtisadi, ticari əlaqələrinin inkişafına vəsilə olacaq, sülh yolu, tərəqqi yolu, yüksəliş yolu olacaq. Lakin İranın dağıdıcı qüvvələri hələ də təxribatlardan, təhdidlərdən, pozuculuq əməllərindən əl çəkmir, qonşu müsəlman ölkəsi olan Azərbaycana qarşı bütün növ pisliyi etməyə çalışırlar. Qarabağ azad edildi, qan dayandı, İran narahat oldu. Suriya azad oldu, qan dayandı, İran narahat oldu. Zəngəzur dəhlizi açılır, İran narahat olur. İslam və müsəlman düşmənçiliyi İranın özünün imicini, inkişafını korlayır, təcrid edir. İki və ya da çox müsəlman, Türk dövlətinin bu dəhliz vasitəsi ilə daha sıx əlaqə qurmasının qarşısını almaq üçün maneələr yaradır.
Yanlış dövlət ideolojisində dəyişikliklər edilməsi zəruridir. Üzdə məzhəbçi yol təqdim edərək altda isə təqiyyə prinsiplərinə görə gizli saxladıqları “Bütün türklər və müsəlmanlar İranın düşmənidir” prinsipindən imtina etməlidirlər. Daxildəki türk – müsəlmanları xurafatlarla buxovda saxlayıb, soydaşlarımızı öz dilində məktəb hüququndan məhrum edən rejimin Əhəməni, Sasani imperiyasının əvvəlcə ideoloji sərhədlərini, sonra da coğrafi sərhədlərini pərpa etmək niyyəti nəinki bölgə üçün, İslam aləmi üçün, ümumiyyətlə bütün dünya üçün təhlükədir. Keçmiş “şiə hilalı” adı ilə İran əslində məzhəbçilikdən sui-istifadə edərək bu imperiyaların xəyali sərhədlərini təsir altında saxlamağı məqsəd qoymuşdu. İmperializm siyasəti Rusiya və İranı uçuruma aparacaq. Zəngəzur dəhlizinə mane olmaqla İranın rejim nümayəndələri ilk növbədə İslam dininə qarşı çıxırlar. Çünki İslama görə müsəlmanların işinə, inkişafına, ticarətinə, fəaliyyətinə mane olmaq küfr və cinayətdir. Azərbaycanın bir tərəfi ilə digər tərəfi arasında quru yolun açılmasına qarşı çıxmaq qardaşı qardaşdan, müsəlmanı müsəlmandan, insanı insandan ayırmaqdır ki, bu da sülhə, sabitliyə, dostluğa qarşı çıxmaq deməkdir. Əsl İslam dövləti nəinki nifaq, ixtilaf, fitnə salmalıdır, əksinə sülh, mərhəmət yolunda vasitəçilik etməli, əminamanlığa təşəbbüs göstərməlidir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir