Bakı Dövlət Universitetinin “Riyazi kibernetika” kafedrasının müdiri, İdarəetmə Sistemləri İnstitutunun “Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Kamil Mənsimov vəfat etmişdir. Allah rəhmət eləsin.
Mənsimov Kamil Bayraməli oğlu, optimal idarəetmə sahəsində tanınmış mütəxəssis, 1950-ci il dekabrın 10-da Biləsuvar rayonunda anadan olmuş, 1973-cü ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1974-1978-ci illərdə AEA Kibernetika İnstitutunun aspirantı olmuş, 1979-cu ildə akademik Cəlal Allahverdiyev və professor Məmməd Yaqubovun rəhbərliyi ilə həmin institutun elmi şurasında “К теории необходимых условий оптимальности в системах с последействием (01.01.02)” mövzusunda namizədlik, 1994-cü ildə BDU-nun ixtisaslaşmış elmi şurasında “Необходимые условия оптимальности особых процeссов в задачах оптимального управления (01.01.09)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1973-cü ildə AEA-nın Kibernetika institutunda baş laborant kimi başlamış, 1992-ci ildə BDU-nun Tətbiqi-riyaziyyat fakültəsinə keçmiş, orada dosent, professor vəzifəsində işləmişdir. 1998-ci ildən “Riyazi kibernetika” kafedrasının müdiri vəzifəsində çalışır. O, eyni zamanda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun “Mürəkkəb dinamik sistemlərin idarə olunması” laboratoriyasının müdiridir. O, 200-dən çox elmi məqalənin, 2 monoqrafiya və 2 kitabın müəllifidir.
Professor Kamil Mənsimov Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamıyla “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif edilmişdir.

MUASİRMEDİA.AZ
