9 noyabr 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Göyçay şəhərində ənənəvi “Nar Festivalı” keçirilib.
Tədbir Göyçay Şəhər Stadionunda möhtəşəm açılış mərasimi ilə başlayıb. Festivalın rəmzi simvolu olan Nar şahzadəsi, Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahan qonaqları qarşılayıb. Milli geyimli qızlar tərəfindən iştirakçılara nar şirələri və xatirə döş nişanları təqdim olunub.
Sonra tədbir iştirakçıları 100-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışlarına baxış keçirib.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini, “Nar Festivalı”nın Təşkilat Komitəsinin sədri Zivər xanım Zeynalova çıxış edərək qeyd edib ki, Zəfər Gününün beşinci ildönümü ərəfəsində keçirilən bu festival Azərbaycanın zəngin kənd təsərrüfatı ənənələrinin təbliğinə və Göyçay narının dünyada tanıdılmasına xidmət edir. Göyçay narı artıq “Əsl Azərbaycan narı” kimi beynəlxalq miqyasda tanınır və bu uğurun əldə olunmasında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolu vardır. Z. Zeynalova qeyd edib ki, 2020-ci il dekabrın 16-da Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Göyçay “Nar Festivalı” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının loqosunun nar meyvəsi əsasında hazırlanması, bu meyvənin Azərbaycan mədəniyyətindəki dərin mənəvi və rəmzi dəyərinin göstəricisidir. Mehriban xanım Əliyevanın Vatikan bağlarında keçirilən ağacəkmə mərasimində ölkəmizdən gətirilmiş nar ağacını əkərək onu ailə bütövlüyü, bolluq və məhsuldarlığın rəmzi kimi təqdim etməsi də bu mənəvi dəyəri bir daha təsdiqləyib.
Sonra Aqrar İnnovasiyalar Mərkəzinin sədr müavini Toğrul Qafarbəyli çıxışında qeyd edib ki, bu kimi festivallar və sərgi-satış yarmarkaları aqrar sektorun inkişafına, fermerlərin bilik və bacarıqlarının artırılmasına, məhsuldarlığın yüksəldilməsinə və sahibkarlığın genişlənməsinə mühüm töhfə verir.
Festival çərçivəsində “Ən böyük nar”, “Nar şirəsinin sıxılması” və “15 kq-lıq səbəti sol əllə saxlama” yarışları təşkil olunub. Həmçinin nar mövzusunda məhşur dizaynerlərin hazırladığı moda kolleksiyası təqdim edilib və “Ən gözəl nar qızı” seçilib.
Festivalın konsert proqramında Azərbaycan Respublikasının Əməkdar artistləri Elza Seyidcahan, Nüşabə Ələsgərli, İzzət Bağırov, eləcə də tanınmış incəsənət nümayəndələri Coşqun Viləş, Aynur Dadaşova, Vüsal Hacıyev, Baba İsalı, Fərid Nəbiyev, Anar və Vəfadar, Elnur və İlkin qardaşları, Göyçay Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs dərnəyinin üzvləri də tədbirə rəng qatıblar.
“Nar Festivalı” proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Qeyd edək ki, tədbirin əsas məqsədi Göyçay bölgəsinin qədim narçılıq ənənələrinin qorunması və təbliği, bu irsin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçıların satış və tanıtım imkanlarının genişləndirilməsidir. 2006-cı ildən etibarən keçirilən “Nar Festivalı” Azərbaycan kənd təsərrüfatı və aqrar mədəniyyətinin ayrılmaz hissəsinə çevrilərək aqroturizmin inkişafına mühüm töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəriciləri ilə seçilən gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və digər nar növləri yetişdirilir. Bu məhsullar Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsini təşkil etməklə, xarici bazarlarda da tanınır.





MUASİRMEDİA.AZ
