Elə insanlar var ki, adları çəkiləndə göz önünə bir kreslo yox, bir şəxsiyyət, bir insanlıq nümunəsi gəlir. Sübut Əsədov da məhz belə insanlardandır. Onu tanıyanlar üçün o, sadəcə bir vəzifə sahibi deyil, haqqın tərəfində dayanan, dostluğa və etimada sədaqəti ilə seçilən bir şəxsiyyətdir. Sübut Əsədovu çoxdan tanıyıram. Aramızda səmimi münasibət, möhkəm dostluq telləri var. Bu münasibətlərin əsasında yalnız şəxsi yaxınlıq deyil, ortaq dəyərlər, eyni amal və məqsədlər dayanır. O, uzun illərdir pedaqoji işçilərin hüquqlarının qorunmasını özünün əsas fəaliyyət istiqaməti seçib və bu yolu vicdanla davam etdirir. Sübut Əsədov qayğıkeşliyi, insanlara diqqəti ilə seçilən bir insandır. O, müəllimi sadəcə işçi kimi deyil, cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvə kimi görür. Hər bir pedaqoqun sosial rifahı, hüquqlarının qorunması, problemlərinin həlli onun üçün formal məsələ yox, mənəvi borcdur. İşçilərin təəssübkeşliyini çəkmək onun həyat mövqeyidir. Dövlətə və dövlətçiliyə sədaqət Sübut Əsədovun fəaliyyətində xüsusi yer tutur. O, hər zaman anlayır ki, güclü müəllim və güclü təhsil sistemi güclü dövlətin əsas sütunlarındandır. Onun mövqeyi və fəaliyyəti həm vətəndaş məsuliyyəti, həm də dövlət maraqları ilə uzlaşır. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri seçildiyi gündən etibarən Sübut Əsədov qısa müddətdə mühüm nəticələrə nail olub. Cəmi ilyarım ərzində beş minə yaxın insanın həmkarlar ittifaqına üzv olması onun apardığı məqsədyönlü işlərin, qazandığı etimadın bariz göstəricisidir. Onun rəhbərliyi dövründə həmkarlar ittifaqının fəaliyyəti daha da canlanıb, real problemlərin həllinə yönəlib. Müəllimlərin əmək hüquqlarının qorunması, sosial müdafiəsi, sağlamlıq və istirahət imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda maarifləndirmə və hüquqi biliklərin artırılması istiqamətində də mühüm addımlar atılır. Sübut Əsədov insanlarla ünsiyyətdə səmimiliyi və diqqəti ilə seçilir. O, hər bir müraciəti dinləyir, problemlərə biganə qalmır, ədalətli və qanuni həll yolları tapmağa çalışır. Bu keyfiyyətlər onu kollektiv arasında hörmətli və nüfuzlu edir. Bu gün Nizami rayonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti haqqında danışarkən, burada böyük zəhmətin, fədakarlığın və məsuliyyətli yanaşmanın dayandığını görmək mümkündür. Sübut Əsədov öz fəaliyyəti ilə sübut edir ki, rəhbərlik titul deyil, xidmətdir, vəzifə deyil, məsuliyyətdir. Belə insanlar cəmiyyət üçün dəyərdir. Onlar səssiz, lakin ardıcıl zəhmətləri ilə insanların inamını qazanır, haqqın və ədalətin qorunmasına töhfə verirlər. Sübut Əsədov dostluğa sədaqətli, işinə vicdanla yanaşan, müəllimin haqqını öz haqqı kimi qoruyan bir ziyalı və rəhbərdir. Sübut Əsədov həm də gözəl ailə başçısıdır. İki qızı, bir oğlu var. Həyat yoldaşı həkimdir. O da insanların sağlamlığının keşiyində durur. Bu ailədə xidmət anlayışı yalnız sözlə deyil, həyat tərzi ilə yaşadılır. Sübut Əsədovun həyatı və fəaliyyəti bir nümunədir. O, yalnız vəzifə sahibi deyil, həm də vicdanın, prinsipin və insanlığın təcəssümüdür. Onun səmimiliyi, məsuliyyəti, başqalarına qayğısı və dostluğa sədaqəti tanıyan hər kəs üçün ilham mənbəyidir. Belə insanlar gözə görünmədən, amma hiss olunaraq. cəmiyyətin səssiz dayaqlarıdır. Onun adı çəkiləndə kreslo yox, qürur xatırlanır. Söz yox, əməl yada düşür. Sükutla edilən xeyir, nümayişsiz görülən iş, səs salmadan qorunan haqq yada düşür. Və insan anlayır ki, hələ də bu cəmiyyətdə vicdanla yaşayan, dövlətinə, xalqına, dostuna sahib çıxan adamlar var. Bu hissləri sözə çevirəndə isə bəzən nəsr kifayət etmir.

Nümunədi, örnəkdi,
Mənim Sübut qardaşım.
Namərdlərə amansız,
Arxasıza köməkdi –
Mənim Sübut qardaşım.
Nə yaxşı ki, doğuldu,
Xain gözə ox oldu.
Xalqına sədaqətli,
Vətənpərvər oğuldu –
Mənim Sübut qardaşım.
Ürəyi saf – təmizdi,
Qəlbi geniş – dənizdi.
Dost-tanışın yanında
Xətirlidi, əzizdi –
Mənim Sübut qardaşım.
Bənzəri varsa, hanı?
Görüm sağ olsun canı.
İnan, canından artıq
Sevir Azərbaycanı –
Mənim Sübut qardaşım.
Nüfuzlu, hörmətlidi,
Qəlbi mərhəmətlidi.
Süfrəsi duz-çörəkli,
Özü səxavətlidi –
Mənim Sübut qardaşım.
Qəlbi yaman dağlıdı,
Şəhid verdi, ağladı…
Bütün varlığı ilə
Dövlətinə bağlıdı –
Mənim Sübut qardaşım.
Bu yazı bir təqdimat deyil, bir ehtiramdır. Bir insanın insana verdiyi dəyərin, qardaşlığın, hörmətin və minnətdarlığın səmimi ifadəsidir. Belə insanlar yaşadıqca, bu torpağın da, bu xalqın da beli bükülməz.
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

