Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş dövlət siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-hökumət təşkilatlarının sosial və ictimai təşəbbüslərinin dəstəklənməsidir. Bu siyasətin ardıcıl davamı olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2026-cı il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olunmuşdur.
Müsabiqənin nəticələrinə əsasən, müxtəlif sosial istiqamətlər üzrə təqdim edilən layihələr arasından bir sıra təşəbbüslər qalib elan edilmişdir. Xüsusilə şəhid ailələri, veteranlar və müharibə iştirakçıları ilə iş istiqamətini əhatə edən layihələr dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə təqdim olunan “Şəhidlik zirvəsi” adlı layihə də qaliblər sırasında yer almışdır. Layihə “Zəka işığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış və vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin yaşadılması, həmçinin şəhid ailələri və qazilərlə mənəvi-sosial işin gücləndirilməsini hədəfləyir. Layihənin əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin bu müqəddəs amal ətrafında daha da birləşməsinə töhfə verməkdir.
Layihənin dəstəklənməsi münasibətilə “Zəka işığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi adından Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və Agentliyin Müşahidə Şurasına təşəkkür və minnətdarlıq bildiririk. Bu cür təşəbbüslərin dəstəklənməsi vətəndaş cəmiyyəti institutlarının güclənməsinə, eyni zamanda dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının ictimai müstəvidə daha geniş şəkildə həyata keçirilməsinə mühüm töhfə verir.
Bu layihənin həyata keçirilməsi milli həmrəyliyin möhkəmlənməsinə və cəmiyyətimizdə şəhidlik zirvəsinin mənəvi dəyərinin daha geniş təbliğinə xidmət edəcəkdir.
MM.AZ
