Fotoda Azərbaycan SSR Xalq artistləri, görkəmli sənətkarlarımız Şahmar Ələkbərov və Rza Təhmasib

Tarix
Rza Abbasqulu oğlu Təhmasib 1894-cü il aprelin 20-də Naxçıvanda dünyaya gəlib. 16 yaşında Tiflisdə Müsəlman Artistlər İttifaqının teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tiflis, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq fəaliyyəti ilə məşğul olub. Onun yaradıcılığının 1920-ci ildən 1959-cu ilə qədər olan dövrü Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib və elə həmin ildə Bakı studiyasında “Ordenli Azərbaycan” sənədli filmini çəkib.
Aktyor kimi yaratdığı İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd Şah Qacar”), Süleyman (“Həyat”) kimi rollar klassik Azərbaycan teatrının ən layiqli sənət nümunələrindən sayılır. Sənətkarın kinoda rejissor kimi ən uğurlu işi “Arşın mal alan” filmidir. 1945-ci ildə kino rejissoru Nikolay Leşşenko ilə birgə yaratdığı bu film mükafata layiq görülüb. Kinoda ilk sərbəst rejissor işi isə “Onu bağışlamaq olarmı?” filmi olub.
Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində səmərəli fəaliyyət göstərib.
Azərbaycan SSR Xalq artisti, Azərbaycanın kino və teatr rejissoru, aktyor və pedaqoqu Rza Təhmasib 14 fevral 1980-ci ildə dünyasını dəyişib. Rəhmətlə anırıq…
2 kişi ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU