Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması H.Araslının adı ilə bağlıdır. 1943-1944-cü illərdə 2 cilddə “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, 1957-1960-cı illərdə 3 cilddə “Azərbaycan ədəbiyyatı tarixi”nin yazılmasında akademikin rolu əvəzsizdir. Hər iki nəşrin I cildləri üçün VIII əsrdən XVIII əsrədək 1000 illik bütöv bir epoxanın Azərbaycan ədəbiyyatına dair aparıcı, ümumiləşdirici elmi oçerkləri akademik Həmid Araslı yazmışdı. Bu əsərlər öz yüksək elmi qiymətini indi də qoruyub saxlayır. Həmid müəllim on illər boyu haqlı olaraq Azərbaycanda ədəbiyyat tarixçiliyinin çox mötəbər patriarxı kimi şərəfləndirilmiş, ədəbiyyat tariximizə aidbir çox dərsliklərin yazılması ona həvalə edilmişdir.
“Kitabi Dədə Qorqud” dastanının taleyində isə Həmid müəllimin tarixi xidmətləri ölçüyəgəlməzdir. O, “Dədə Qorqud” boylarını 30-cu illərin əvvəllərində öyrənməyə başlamış, eposu 1939-cu ildə latın qrafikalı əlifba ilə çap etdirmişdir. H.Araslı eposa bir Azəbaycan ədəbi abidəsi kimi yanaşmış, eposun dilinin məhz Azərbaycan dili qanun-qaydalarına daha çox uyğun gəldiyini elmi əsaslarla sübut etmiş,buna görə o vaxtlar haqsız tənqid və təqiblərə məruz qalmışdı. Belə ki, həmindövrdə“Dədə Qorqud” boylarına millətçilik damğası vurulmuş,epos milli folklorumuz, mədəniyyətimiz üçün yad bir əsər elan olunmuşdu. Professor Həmid Araslı isə bu ədalətsiz qərara qarşı etirazını bildirmiş, üstəlik dastanla bağlı araşdırmalarını davam etdirərəksonrakı illərdə onu düzəliş və təshihlərlə dəfələrlə nəşr etdirmişdir.
Professor Həmid Araslı “Koroğlu”, “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Aşıq Qərib” kimi dastanlarımızın araşdırılmasında da fədakarlıq göstərmiş, həmçinin, sovet dövründəyaranmış, müasir həyatın yeniliklərini əks etdirən yeni dastanları da tədqiq etmişdir.
H.Araslı şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbi əlaqələrini araşdırmışdır.
Görkəmli ədəbiyyatşünas alim, tənqidçi, H.Araslının tələbəsi olmuş Əziz Mirəhmədov müəlliminə yeni ad alması münasibətilə göndərdiyi təbrik məktubunda yazırdı: “Əziz müəllimim!Tarixin zülmətləri içindən çıxardığınız sənət inciləri üçün ellər Sizə həmişə minnətdar olacaq”.
Doğrudan da, nə qədər ki, Azərbaycan ədəbiyyatı və elmimizdə ədəbiyyat tarixi məsələsi var, o qədər də akademik Həmid Araslı yaşayacaq.
Məqalənin hazırlanmasında 70, 368, 386, 724 nömrəli fondların sənədlərindən istifadə olunmuşdur.
Xatirə QƏDİROVA

MUASİRMEDİA.AZ
