Əlində tutduğu isə qardaşının bəraətindən sonra nəşr olunan ilk şeir kitabının siqnal nüsxəsidir. Foto 1957-ci ilin mayında çəkilib.
Mikayıl Müşfiqin bacısı Balacaxanım 1906-cı ildə dünyaya gəlib. 64 ömür sürüb. Qardaşı Mikayılın amansız qətlinin ağrılı-acılı yükünü, bacısı Böyükxanımın faciəli intiharının mənəvi əzablarını həyatı boyu ürəyində daşıyıb. 1970-ci ildə dünyasını dəyişib Balacaxanım. Yazırlar ki, o, ölüm yatağında 3 gün can verir, hər nəfəsində də qardaşını arzulayır…
Ailə üzvlərinin sözlərinə görə, qardaş dərdi, illərin keşməkeşli, əzablı həyatı Balacaxanıma rahat can verməyə imkan vermirdi. Həmin vaxt evdə Zeynəb Xanlarovanın plastinkası var imiş. Üzərində də Mikayıl Müşfiqin şəkli. Onu gətirib xanımın sinəsinin üstünə qoyurlar, yenə də sakitləşmir… Məcbur qalıb Dilbəri çağırırlar – Mikayıl Müşfiqin həyat yoldaşını. Dilbər xanımın gəlişindən sonra onun ürəyi, sanki təskinlik tapır. Balacaxanım Müşfiqdən qalan tək yadigarını görüb, beləcə haqq dünyasına qovuşur…

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOLU
MƏCİD RƏŞADƏTOLU
