2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizin bütün gənclərini səmimi-qəlbdən təbrik edirik.
Müasir Azərbaycanın inkişafında gənclər aparıcı qüvvə kimi mühüm rol oynayır. Onların intellektual potensialı, vətənpərvərliyi, təşəbbüskarlığı və innovativ düşüncəsi dövlətimizin davamlı tərəqqisinin əsas təminatçılarındandır. Azərbaycan gəncliyi bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsi olaraq təhsildə, idmanda, elmdə, mədəniyyətdə və ictimai-siyasi həyatda mühüm nailiyyətlər əldə edir, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.
Dövlət gənclərin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, sağlam həyat tərzinin təşviqi və sosial fəallığının gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu siyasət gənclərin gələcəyə inamla addımlamasına, milli-mənəvi dəyərlərə sadiq, müasir çağırışlara cavab verən vətəndaşlar kimi formalaşmasına xidmət edir.
Bu əlamətdar gün münasibətilə bütün gənclərə möhkəm cansağlığı, təhsil və fəaliyyətlərində uğurlar, Vətənimizin inkişafı naminə böyük nailiyyətlər arzulayırıq. Qoy gənclərimiz hər zaman dövlətimizin diqqət və qayğısını hiss etsin, müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə layiqli töhfələr versinlər.
MUASİRMEDİA.AZ
