SƏN DÜNYAYA ÖLÜ GƏLDİN, DİRİ YOX
Xəyanətin göz yaşına həvədi,
Bu ayrılıq ölüm qədər əbədi.
Sən özünə özün yazdın həsrəti,
Mənim yolum irəlidi, geri yox,
Bundan belə qovuşmağın yeri yox.
Uşaq kimi iməklədim dalınca…
Uzaq düşdün qismətindən yamanca.
Misralarda bulud-bulud dolunca,
Silirəm göz yaşlarımı, təri yox,
Bundan belə qovuşmağın yeri yox.
Hər udduğum nəfəsumdə var adın,
Viran olmuş qəfəsimdə var adın.
Gözlərimin giləsində qaraldın,
Dərdlərimin şələ çəkən nəri yox,
Bundan belə qovuşmağın yeri yox.
Tanrım səni göndərdi göynəyəndə,
Yuyub sərmişəm dərdi Göy ləyəndə.
Cismim dünyaya vida eyləyəndə,
Ruhum Göyləri seçəcək, Yeri yox,
Bundan belə qovuşmağın yeri yox.
Doğulmuşuq fərqli-fərqli anadan,
Bizi fərqli xəlq edibdi Yaradan.
Ayrı-ayrı gedəcəyik dünyadan,
Bu nağıldı; biri vardı, biri yox,
Bundan belə qovuşmağın yeri yox.
Səməndərli, möhkəm qur ki, təməli,
Hər kəsin cavab verəcək əməli.
Şair qəlbin duymadınsa, deməli,
Sən dünyaya ölü gəldin, diri yox,
Bundan belə qovuşmağın yeri yox.
MUASİRMEDİA.AZ
Bəradər SƏMƏNDƏRLİ
(Xanəliyev)
07.04.2022
