Yaşar Əməşov 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olub. 1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. 1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998–2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib. 2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib. 2018–2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub. 2019–2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. Yaşar Əməşov 8 may 2020-ci il tarixdə Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilmişdi.
MUASİRMEDİA.AZ
