El anası – Badisəba Köçərli

Tarix
Xeyriyyəçi, maarifçi və pedaqoq olan Badisəba xanım 1881-ci ildə Qazaxın Salahlı kəndində görkəmli Vəkilovlar nəslindən olan Mustafa ağa Vəkilovun ailəsində doğulmuşdur. 1897-ci ildə görkəmli publisist Firudin bəy Köçərli ilə ailə həyatı quran Badisəba xanım öz doğma övladlarının olmamasına baxmayaraq insanlara, dərs dedikləri uşaqlara böyük sevgi ilə yanaşmış, göstərmiş olduğu xeyriyyəçilik ilə tanınmış və onlar arasında “El anası” deyə çağırılmışdır.
Badisəba xanım Firudin bəylə birlikdə öz vəsaitləri hesabına Qazaxda “Yetim və qaçqın uşaqlar evi” açmışdır. Firudin bəy Köçərlinin ölümündən sonra maarifçilik fəaliyyətini davam etdirən Badisəba xanım Firudin bəyin “Azərbaycan ədəbiyyatı” kitabını repressiyadan qorumuş və “Azərnəşr”ə verməklə onun çap olunmasına nail olmuşdur. Həmçinin Mircəfər Bağırova məktub yazaraq həyat yoldaşının şəxsi arxivinin qorunub saxlanması üçün əldə etmək istədiyini bildirsə də, onun müraciəti cavabsız qalmışdır. Həmin arxiv materiallarının içərisində həmçinin Mirzə Fətəli Axundovun əlyazmaları, Sabirlə ədəbi səciyyəli yazışmalar, müxtəlif ədəbi xadimlərdən alınmış materiallar olmuşdur.
– Badisəba xanım Köçərli Zaqatala və Qubada ilk Pedaqoji Texnikumu təşkil etmiş, Şəkidə 2 saylı uşaq evini yaratmışdır. Şəkidə indi də bu uşaq evi “Badisəba ananın uşaq evi” olaraq bilinir. “Şərəf nişanı” ordeni, “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuş, “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adına layiq görülmüş Badisəba xanım Köçərli 1954-cü ildə vəfat etmişdir.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir