Milli Məclisdən maliyyə sektoruna yeni nəzarət mexanizmi – şübhəli maliyyə əməliyyatları diqqət mərkəzində olacaq
30 oktyabr 2026-cı il tarixində Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliklər layihəsi üçüncü oxunuşda qəbul edilib.
Yeni dəyişikliklərə əsasən, Azərbaycan Mərkəzi Bankının maliyyə institutları və onların daxil olduğu maliyyə qrupları üzərində nəzarət səlahiyyətləri genişləndirilir.
Dəyişikliyin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin və digər qanunsuz maliyyə fəaliyyətlərinin qarşısının alınmasıdır.
İndiyədək nəzarət ayrı-ayrı maliyyə institutları üzərində həyata keçirilsə də, yeni mexanizm Mərkəzi Banka həmin institutların daxil olduğu maliyyə qruplarının fəaliyyətinə də bütövlükdə nəzarət etmək imkanı yaradır.
Bu nəzarət aşağıdakı qurumları əhatə edəcək:
- Banklar;
- Həyatın yığım sığortası ilə məşğul olan sığorta şirkətləri;
- Təkrarsığortaçılar və sığorta vasitəçiləri;
- İnvestisiya şirkətləri;
- İnvestisiya fondları və onların idarəçiləri;
- Xarici investisiya fondlarının nümayəndəlikləri.
Qanun dəyişikliyində diqqət çəkən məqamlardan biri maliyyə əməliyyatlarının həcmi ilə bağlıdır.
Əgər maliyyə institutunun əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatlarının intensivliyi və ya məbləği 40 faiz və daha çox artarsa, risk qiymətləndirilməsi yenidən aparılacaq.
Eyni zamanda, şirkətin yenidən təşkili, benefisiar mülkiyyətçilərinin dəyişməsi, fəaliyyət istiqamətinin və müştəri qruplarının dəyişməsi də əlavə qiymətləndirməyə səbəb olacaq.
Yeni qaydalara əsasən, Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi üçün maliyyə institutlarından və maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumatlar tələb etmək hüququna malik olacaq.
Tələb olunan məlumatlar sorğuda göstərilən müddətdə təqdim edilməlidir.
Nəzarətin intensivliyi isə hər bir maliyyə qurumunun risk səviyyəsinə, daxili nəzarət mexanizmlərinə və fəaliyyət xüsusiyyətlərinə uyğun müəyyənləşdiriləcək.
Yeni mexanizm ilk növbədə maliyyə sistemində şəffaflığın artırılmasına və şübhəli əməliyyatların müəyyən edilməsinə yönəlib. Bu, qanunsuz maliyyə dövriyyəsinin qarşısının alınmasına, maliyyə institutlarında risklərin daha erkən aşkarlanmasına xidmət edə bilər.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
Beləliklə, Azərbaycanda banklar, sığorta və investisiya qurumları üzərində nəzarətin əhatə dairəsi genişləndirilir.
MUASİRMEDİA.AZ
