Xalq şairi Nəriman Həsənzadə vəfat edib

ƏDƏBİYYAT

Azərbaycan ədəbiyyatı ağır itki ilə üzləşib.
MUASİRMEDİA.AZ xəbər verir ki,
Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə 95 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. O, uzun illər Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verib, şeir, poema və dramaturgiya sahəsində zəngin irs yaradıb.
Yaradıcılığı vətənpərvərlik, insan sevgisi, mənəvi dəyərlər və milli ruhu əks etdirən əsərləri ilə seçilib. Nəriman Həsənzadə Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın Xalq şairi fəxri adına layiq görülmüş, “Şöhrət”, “Şərəf”, “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif edilmiş görkəmli söz ustalarından biri idi. Mədəniyyət Nazirliyi və ölkənin ədəbi ictimaiyyəti Xalq şairinin vəfatını böyük itki kimi qiymətləndirərək onun ailəsinə, yaxınlarına və oxucularına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Nəriman Həsənzadənin son günlər səhhətində ciddi problemlər yaranmış, vəziyyətinin ağır olduğu barədə məlumatlar yayılmışdı.
Bu gün isə onun vəfat etdiyi rəsmən təsdiqlənib. Vida mərasiminin Beynəlxalq Muğam Mərkəzində keçirilməsi, daha sonra isə I Fəxri xiyabanda dəfn olunması planlaşdırılır.

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN BAKI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir