İyulun 24–26-da Göygöl rayonunun Xan Yaylağında yerləşən “Xan Yurdu” Etnoqəsəbəsində keçirilən V Milli Yaylaq Festivalı minlərlə ziyarətçinin iştirakı ilə başa çatıb.
Üç gün davam edən festival çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin zəngin folkloru, milli mətbəxi, qədim sənətkarlıq nümunələri və etnoqrafik irsi nümayiş etdirilib. Tədbirdə aşıq sənəti, xalq rəqsləri, atüstü oyunlar, konsert proqramları, sərgilər və müxtəlif əyləncə tədbirləri iştirakçıların böyük marağına səbəb olub. Festivalın əsas məqsədi Azərbaycanın yaylaq mədəniyyətini, milli-mənəvi dəyərlərini və turizm potensialını tanıtmaq, eyni zamanda yerli və xarici turistlərə unudulmaz istirahət imkanları təqdim etmək olub. Təşkilatçıların məlumatına görə, tədbir boyunca Göygöl rayonuna turist axını müşahidə edilib və festival yüksək səviyyədə təşkil olunaraq iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
