4 iyun 1993-cü ili heç kim yaddan çıxarmamalıdır.

Tarix
4 iyun 1993-cü ildə Rusiya hakimiyyəti və Azərbaycandakı əlaltıları dövlət çevrilişi edib hakimiyyətə öz adamları saydıqları şəxsi gətirmək istəyirdilər.
Bu barədə dəfələrlə yazılı və video çıxışlarım olduğundan, bu gün gənc nəslin bilməsi üçün tezis şəklində fikirlərimi sizinlə bölüşürəm. Bölüşdüyüm fikirlər canlı şahidi olduğum hadisələrdən doğur.
Təkrarçılıq olsa da, qısa şəkildə bildirirəm ki, Prezident Aparatında Dövlət-hüquq şöbəsinin baş məsləhətçisi kimi işə 28 may 1993-cü ildə başlamışdım və 6 gün sonra Gəncə hadisələri baş verdi. Elə həmin günlər parlament tərəfindən Deputat İstintaq Komissiyası yaradıldı və həmin komissiyanın tərkibində istintaq qrupu formalaşdırılmışdı. Prezident Əbülfəz Elçibəyin təklifi ilə mən həmin qrupa daxil edilmişdim. Qeyd edim ki, mənə bu təklif olunanda qətiyyətlə demişdim ki, ancaq gördüyüm həqiqətlərin tərəfində olacağam və mənim bu şərtim qəbul edilmişdi.
Komissiyada fəaliyyətim dövründə Gəncədə həbsdə olan Baş prokuror İxtiyar Şirinovu, Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbəri, DİN-in birinci müavini Qabil Məmmədovu, MTN-in Gəncə şəhər şöbəsinin rəisi Rafael Hüseynovu, Prezident Qvardiyası komandanının müavini Əzizağa Süleymanovu, MTN-in bütün struktur rəhbərlərini, ev dustaqlığında olan Gəncə şəhər prokuroru Hüseyn Əlixanovu və hadisələrin şahidi olan bir çox şəxsləri dindirmişəm. Həmin dindirmələrin əksəriyyəti videokassetlə qeydə alınıb.
Bakıda Dövlət katibi Pənah Hüseynovu, DİN rəhbəri Abdulla Allahverdiyevi, MTN rəhbəri N.Təhməzovu, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general Nurəddin Sadıxovu, Müdafiə naziri Rəhim Qazıyevi, polkovnik İsa Sadıqovu və Gəncə hadisələrini araşdıran komissiyanın sədri, Azərbaycanın keçmiş birinci katibi İmam Mustafayevi və digərlərini dindirmişəm. Bu vaxta qədər müstəntiq, hakim, məhkəmə sədri və prokuror işlədiyimdən, təcrübəmə əsaslanaraq hadisələrin detallarına qədər fikir verə bilirdim.
Ona görə də əsas iki məqama diqqətinizi yönəltmək istəyirəm. Birincisi, Rusiya hakimiyyət dairələri hadisələri əvvəlcədən çox məharətlə hazırlamışdılar və ölkədə olan Vətən xainləri də çevrilişin baş tutması üçün dəridən-qabıqdan çıxırdılar. Xainlərin ən aktivləri və öndə gedənləri Rəhim Qazıyev, Əlikram Hümbətov və Sürət Hüseynov idi. Hakimiyyətə gətiriləcək şəxs isə artıq Rusiyanın əsirinə çevrilmiş Ayaz Mütəllibov idi.
İkinci əsas məqam da odur ki, Rusiyanın bütün planlarını pozan, rəhmətlik Əbülfəz Elçibəyin rəhmətlik Heydər Əliyevi Azərbaycana dəvət edib onun Milli Məclisin sədri seçilməsini təmin etməsi olub. Bu məqamı ona görə xüsusi vurğulayıram ki, bu gün də bəziləri rəhmətlik Heydər Əliyevin də bu hadisələrin iştirakçısı olmasını düşünür. Bəli, rəhmətlik Heydər Əliyev bu hadisələrdə ən fəal şəxslərdən biri olub. Ancaq onun bu fəallığının nəticəsində Rusiya yenidən Azərbaycana qayıda bilmədi.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir