Bu gün böyük Cavad Heyətin doğum günüdür.
Cavad Heyət Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Onun türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur.
Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, “İki Azərbaycanın ağsaqqalı”, “Çağımızın ağsaqqalı”…
Onun titulları bununla bitmir. Cavad Heyət “Dövrümüzün Prometeyi”, “Bilgə dədə” ləqəbləri ilə də tanınır.
Rafael Hüseynov:
– Ömrü boyu onun işi ürəklə olmuşdu.
Nə iş görmüşdüsə, ürəklə görmüşdü və təməl peşəsi olan həkimlikdə də əsas sahəsi ürək idi.
Hələ cavan yaşlarından misilsiz bir ürək cərrahı kimi dünyada məşhurlaşmışdı. Lakin tale ona daha ali bir missiyanı – millətinin ürəyinin və xalqının ruhunun müalici olmaq vəzifəsini də həvalə edibmiş.
Belə insanların isə ürəyi heç vaxt dayana bilməz.
Sənəti ürəklərə şəfa vermək olan doktor Cavad Heyət, əslində, öz ürəyinin salamatlığının da çarəsini irəlicədən həll edibmiş.
O öz könlünü tükənməz bir enerji qaynağına – bütöv millətinin və qövmünün qəlbinə bənd etmişdi: ora güc verirdi, oradan güc alırdı.
Azərbaycan, türk dünyası naminə yaratdığı dəyəri sözə sığmaz əsərləri və əməllərində Cavad Heyətin qəlbi, əlbəttə ki, hələ bundan sonrakı çox zamanlar boyu çırpınmaqda davam edəcək.
Həssas vətənpərvər Bəxtiyar Vahabzadə köhnə dostu Cavad bəyin timsalında bir məslək, əqidə qardaşını görür, Heyətin ucalığına belə heyrətlənirdi:
İnsana xidmətdir məramın sənin,
Sən ömrün boyunca ömr uzatmısan.
Cərrah bıçağıyla min-min xəstənin
Ağrı-acısını kəsib atmısan.
…Bu xalqın mənəvi ağrılarına
Əlacı, qardaşım, qələmdə gördün.
Gündüzlər bıçaqla kəsmək bir yana,
Gecələr əlinə qələm götürdün.
…Gecə də, gündüz də hey döyüşdəsən,
Mənəvi, cismani ağrılarla sən.
Həkim nüsxələri yazdın həmişə,
Xəstə şəfa tapıb sağaldı… fəqət,
Ədib qələmiylə yazdığın nüsxə
Bir xalqın dərdinə şəfadır, əlbət!
Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub.
Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuşdur. Burada təhsil alarkən özü Avropa universitetlərindən birinə qəbul olmaq istəyirmiş Lakin atası Mirzə Əli Heyət buna mane olmuşdur.
Bundan sonra Cavad Heyət ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.
Cavad Heyət Mirzə Əli Heyətin 9 övladından biri idi.
O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi.
Beş qızı, beş nəvəsi vardı.
“Varlıq” dǝrgisinin imtiyazını özündǝn sonra Rza Heyətin adına keçmǝsini rǝsmi şǝkildǝ vǝsiyyǝt etmişdir.
Cavad Heyət dostu Prof. Dr. H. Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoymuşdur.
Cavad Heyət 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərslik kitabının müəllifidir.
Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır.
İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabın müəllifidir.
Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.
Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir
Cavad Heyət atası Mirzə Əli Heyət və qardaşı Firuz Heyət ilə birlikdə 1956-cı ildə İran-Türkiyə Dostluq və Kültür Cəmiyyətini qurmuş, İranla Türkiyə arasında dostluq və mədəni əlaqələrini inkişaf etdirməyə çalışmışdır.
1993-cü ildə Türkiyənin Tehrandakı səfiri Qorxmaz Haqtanır ilə birlikdə Tehranda Türk Kültür Mərkəzini açmış və iranlı tələbələrin Türkiyədə təhsil almalarına yardım göstərmişdir.
“Varlıq” jurnalı
“Varlıq” İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli jurnalın yaradılmasında və yaşamasında yaxından iştirak etmişdirlər. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib. Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. “Varlıq” jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.
Cavad Heyət Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü olmuşdür.
Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülmüşdür.
Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi.
Azərbaycanlı cərrah-alim Cavad Heyət 2014-cü il avqustun 12-də səhər saatlarında Bakı şəhərində dünyasını dəyişmiş və avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
MUASİRMEDİA.AZ
