Sabah Vəfa Quluzadənin vəfat etdiyi gündür.

Siyasət
11 il ötdü..Onun tanıtıma ehtiyacı yoxdur.
Sabah politoloq, xarici siyasət məsələləri üzrə ölkənin dövlət müşaviri olmuş Vəfa Quluzadənin vəfat etdiyi gündür.
Təbii ki, Vəfa Quluzadə haqqında danışarkən onun Azərbaycan müstəqillik əldə edəndən sonra dövlətin milli təhlükəsizliyinin, xarici siyasətinin formalaşmasında xidmətlərini unutmaq olmaz. Bəziləri onu amerikalı Z.Bjezinski ilə müqayisə etsə də o, özünü sağlığında bir neçə dəfə görüşdüyü Henri Kissincerlə müqayisə etməyi daha çox sevərdi…
Vəfa Quluzadə təpıdın dırnağa diplomat idi. Diplomat dövlətin gələcəyini qoruyaraq onun xarici siyasətini aparırsa, onun uzaqgörənliyi üzə çıxmalıdır. Vəfa Quluzadə siyasi uzaqgörənliyi haqqında isə bu gün də danışılır, müzakirə olunur. Birini deyim: Təsəvvür edin ki, o, həyatının sonlarında bu günümüzə qədər davam edən Rusiyanın Ukraynaya hücum edəcəyini demişdi. Və hətda bu qənaətə gəlmişdi ki, Rusiyanın Ukraynaya müdaxiləsi Bakını Amerika liderləri üçün dəyərli müttəfiqə çevirəcək.
Biz artıq bu gün bu fikirin doğru olduğunu tam şəkildə görürük. Maraqlıdır ki, o, İsrailin siyasi gələcəyinə şübhə ilə yanaşırdı.
Siyasətçidə analitik düşüncə sahibi olmaq və həm də siyasi intuisyaya malik olmaq böyük xüsusiyyətdir. Vəfa Quluzadə zamana uyğun olaraq dəyişmək və küləyin haradan əsdiyini duymaq qabiliyyətinə malik diplomat idi.
Mən hadisələrə obyektiv yanaşmanı sevən adamam. Və deməliyəm ki, Vəfa Quluzadə siyasi anlamda ömrünün sonuna kimi “sağ -salamat qalmağı” bacaran siyasətçi olub…Əvvəlcə sovet diplomatı kimi, sonra isə Azərbaycan diplomatı kimi. Baxın, Vəfa Quluzadə Azərbaycanın müstəqillik dövrünün ilk üç prezidentinin-Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin və Heydər Əliyevin milli təhlükəsizlik üzrə müşaviri kimi vəzifələrdə olmağı bacarıb.
Adətən, bu postu tutan adamlar bəzən cəmiyyətin diqqətindən kənarda qalırlar. Vəfa müəllim isə fərli idi. O, insanlar tərəfindən sevilirdi. Xüsusən də bu məhəbbəti o zaman qazandı ki, Azərbaycan hakimiyyətinin Qarabağla bağlı ciddi güzəştə hazırlaşdığı ATƏT-in İstanbul sammiti (1999-cu il) ərəfəsində bu xəyanətdə iştirakdan imtina edərək dövlət müşaviri vəzifəsindən istefa verdi. Bununla da ictimaiyyət böyük qəsdin hazırlıqlarından xəbər tutdu. Ardınca isə baş verən silsilə hadisələr Qarabağın itirilməsinin hüquqi cəhətdən təsbit edilməsi planlarını pozdu.
Onun işlədiyi Prezidentlər sırasında Əbülfəz Elçibəy də var idi. Qeyd etməliyəm ki, Prezident Əbülfəz Elçibəylə möhkəm dostluğu olub. Elçibəy onun haqqında deyirdi: “Vəfa müəllim çox pozitiv ruhlu, vətənpərvər adam idi. O, Azərbaycan diplomatiyasını, xüsusilə də Dağlıq Qarabağ problemini, münaqişənin sirli məqamlarını dərindən bilirdi. Postsovet məkanındakı prosesləri həm çox gözəl sezirdi, həm də yaxşı təhlil edirdi”.
Vəfa Quluzadə isə Elçibəylə son söhbətini belə xatırlayırdı: “Mən hesab edirəm ki, Elçibəyin qəfildən Kələkiyə qaçması çoxsaylı interpretasiyalarla zəngin olan sirrdir. Mən şəxsən Elçibəyə dedim ki, hamımıza silah versin və biz Prezident Aparatının binasında axıra qədər döyüşək. Çilidə olduğu kimi (o vaxt Çili Sosialist Respublikasının prezidenti Salvador Alyende 1973-cü il 11 sentyabr çevrilişi zamanı atışmada həlak olmuşdu). Amma Elçibəy mənə cavab vermədi və xəlvətcə Kələkiyə uçdu. Həmin gün səhər işə gəldim və mənə belə dedilər: Bəs nə oldu, prezidentin hanı?”
O vaxt mən də bu sualı özümə vermişdim. Nə isə… çox danışmaq olar o hadisələr haqda..Sonda deyim ki, bəzən bir hərfin daşıdığı yük, minlərlə insanın daşıya bilməyəcəyi qədər ağır olur. Tək “t” hərfi 1 may günündə “Vəfa”nı “vəfat” ilə yan-yana qoydu. Vəfa Quluzadə 2015-ci il mayın 1-də vəfat etdi. Onun erkən vəfat etməsində təbii ki, oğlunun vaxtsız dünyadan köçməsi öz təsirini göstərdi.
V.Quluzadə siyasət meydanında Müsavat Başqanı İsa Qəmbərlə də yaxın münasibətdə olub. V.Quluzadə vəfat edəndə İsa Qəmbər onun siyasətdə yoxluğunu belə təsvir etmişdi: “Bu gün Vəfa müəllim vəfat etdi. Azərbaycan diplomatiyasının önəmli bir səhifəsi də belə qapandı…”
Sözardı: Maraqlıdır ki, süni intelekt də İsa bəylə Vəfa Quluzadə münasibətlərindən kənarda qalmayaraq öz münasibətini bildirib: “İsa Qəmbər və Vəfa Quluzadə Azərbaycanın tanınmış siyasi xadimlərindən olmuşlar, Quluzadə daha çox dövlət məmuru (Prezident Administrasiyasında çalışıb), Qəmbər isə müxalifət lideri (Müsavatın başqanı) kimi tanınırdı, lakin onlar dövlətçilik və siyasi məsələlərdə bir-birlərini qiymətləndirən, müxtəlif dövrlərdə birgə müzakirələr aparan (məsələn, seçkilər barədə) şəxsiyyətlər idi, xüsusən Quluzadənin vəfatında Qəmbər onun Azərbaycan diplomatiyası üçün önəmli bir səhifə olduğunu qeyd etmişdi”
Belə…
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir