Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində faciəvi şəkildə həlak olan Azərbaycan Respublikası vətəndaşlarından biri – gəmi kapitanı, Neftçala şəhər sakini, 1976-cı il təvəllüdlü Rəcəb Firudin oğlu Əhədovun nəşi doğulduğu Neftçala rayonuna gətirilərək son mənzilə yola salınıb.
Vida mərasimində Nefçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Dəfn mərasimində çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı kapitan Rəcəb Əhədovun vaxtsız və faciəvi həlakından dərin kədərini ifadə edərək, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbr diləyib. Qeyd olunub ki, uzun illər dəniz nəqliyyatı sahəsində fədakarlıqla çalışan, öz peşəkarlığı ilə seçilən Rəcəb Əhədovun əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Gəmi kapitanı Rəcəb Əhədovun nəşi rayonun Yenikənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərhumun ailə üzvləri bu ağır günlərdə onlara göstərilən diqqət və qayğıya, xüsusilə dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı ilə mərhumun nəşinin tapılıb gətirilməsinə görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!
