Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanov

Cəmiyyət
Rafiq Cəfər oğlu Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Orta təhsilini Muğanlı kənd məktəbində başa vurduqdan sonra hərbçi peşəsini seçərək Kalininqrad şəhərində yerləşən Ali Hərbi Məktəbə daxil olmuşdur. Təhsilini uğurla başa vurduqdan sonra 1988-ci ildə Ukraynada xidmətə başlamışdır.
Həmin ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağ münaqişəsinin başlanması onu Vətənə qaytarmışdır. Peşəkar hərbi hazırlığı və idarəetmə bacarığı nəzərə alınaraq Tovuz rayonunda yerləşən hərbi hissələrdən birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilmişdir.
Rafiq Alıcanov Qarabağ müharibəsi dövründə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında gedən döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Döyüşlərdə göstərdiyi igidliyə görə kapitan hərbi rütbəsinə yüksəlmişdir.
1993-cü il noyabrın 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid qəhrəman Köçəvəlli kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli fərmanı ilə kapitan Rafiq Alıcanov ölümündən sonra Azərbaycanın ən yüksək fəxri adı olan “Milli Qəhrəman” adına layiq görülmüşdür.
Milli Qəhrəmanın xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir. Köçəvəlli kənd tam orta məktəbi onun adını daşıyır. Həmçinin Köçəvəlli kəndində və Ağstafa şəhərində onun büstləri ucaldılmış, Ağstafadakı park qəhrəmanın adı ilə adlandırılmışdır. Bakı şəhərinin Suraxanı rayonu Qaraçuxur qəsəbəsində və Ağstafa şəhərində onun adını daşıyan küçələr mövcuddur.
Rafiq Alıcanovun həyat və qəhrəmanlıq yolundan bəhs edən bir sıra əsərlər nəşr olunmuşdur. Güləmail Murad və Salatın Əhmədlinin müəllifi olduğu “Vətən sağ olsun” kitabı, eləcə də Fəridə Ləmanın “Lalələr şəhid qanı” poeması onun xatirəsinə həsr edilmişdir. Bundan əlavə, müxtəlif qəzet və jurnallarda onun döyüş yolu və vətənpərvərliyi haqqında çoxsaylı məqalələr dərc olunmuşdur.
2013-cü ildə Rafiq Alıcanov, Mərifət Nəsibov və Şamoy Çobanovun həyat və döyüş yolunu əks etdirən “Qartal yuvası” sənədli-bədii filmi çəkilmişdir. 2015-ci ildə isə “İZ Production” studiyası tərəfindən həmin qəhrəmanların şərəfli ömür yolundan bəhs edən “Ölümə qənşər” bədii-sənədli filmi ərsəyə gətirilmişdir.
Rafiq Alıcanov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən, igidliyi və vətən sevgisi ilə gələcək nəsillərə örnək olan Milli Qəhrəmanlarımızdan biridir. Onun adı və qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
anıt ve şunu diyen bir yazı '9 RAFIQ ALICANOV Azar zarbaycan Azarbaycan bay BirinciQarabağ Birinci Qarabağ şehidi 11.07.1965 05.11.1993 AZARBAYCAN AZaRBAYCANRESPUBLİKASI RESPUBLİKASI MUDAFiA MÜDAFiNAZİRLİYİ NAZİRLİYİ' görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir