Rusiyada yaşayan Azərbaycanlı alimin vəfatından 8 il ötür.

Tarix

Xatirələrdə yaşayan bir ömür… Babam Cəfər kişi dünyasını erkən dəyişmişdi.
Açığını desəm, onun yoxluğundan sonra bu ailə üçün yaşamaq, xüsusilə də uşaqların təhsil alması əvvəlki illərlə müqayisədə daha da çətinləşmişdi. Valeh müəllimin ailəsi 9 uşaqdan ibarət idi. Qeyd edim ki, Valeh Quliyev mənim dayımdır. Oxucuların bunu bilməsi vacibdir ki, yazıda yer alan məlumatların haradan gəldiyi aydın olsun. Valeh müəllim universiteti bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya üz tutur. Orada o dövrün yüksək vəzifəli şəxslərindən birinin qızı ilə – rus qızı ilə ailə qurur və bu evlilikdən bir qız övladı dünyaya gəlir. Yadımdadır, dayım ailəsi ilə birlikdə ilk dəfə kəndə gələndə nənəm mərhum balaca nəvəsini elə bir sevgi ilə bağrına basırdı ki, sanki onu “duz kimi yalayırdı”. Halbuki nənəm gənclik illərindən namaz əhli idi və fərqli millətdən olan qonaqlar evə gələndə onların qab-qacağını bir daha istifadə etməzdi. Amma nəvə sevgisi bütün bu qaydaların fövqündə idi. Onu da qeyd edim ki, dayım kəndə çox az-az gələrdi. Gəldiyi zaman isə işi ilə əlaqədar olaraq aidiyyəti qurumlar tərəfindən qorunardı. Bir dəfə hansısa zavodun direktoru ilə birlikdə kəndə gəlmişdi. Onları aeroportdan kəndə gətirən zaman postlarda maşını saxlayıb qonaqlar üçün içki də təqdim etmişdilər. Görünür, yanındakı şəxs mühüm biri olduğundan belə diqqət göstərilirdi. Qonaqları kənddə atam qarşılayıb yola salırdı. Həmin rus qonaq bir gün kənddə qaldı. Kənd yollarında onu müşayiət edən mühafizəçiləri görmək də mümkün idi. Bu hadisələr 1980-ci illərdə, SSRİ-nin ən güclü dövrlərində baş verirdi. Bunları bir kənara qoyub, gəlin nənəmin övlad sevgisindən danışaq… Nənəm televizoru açan kimi deyərdi: “Görün, Valehi göstərmədilər ki…” Həmişə bir nisgil ilə deyinərdi: “Valeh çoban olsaydı, bundan yaxşı idi… Heç olmasa yanımda olardı…” Dayım 24 yaşından kənddən çıxmışdı və sonrakı illərdə bəlkə də cəmi 10 dəfə kəndə gəlmişdi. Onun həyatı haqqında bir kitab yazmaq olar. Amma bəlkə də oxuyan olmaz… Çünki çoxları düşünə bilər ki, Valeh Quliyev Rusiyaya xidmət edib, öz xalqına yox. Amma bir həqiqət var: Elm heç bir millətə məxsus deyil. Elm bəşəriyyətə xidmət edir. Rusiya Federasiyasında yaşayan azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Valeh Cəfər oğlu Quliyev 5 Yanvar 2018 ci ildə vəfat edib.
MUASİRMEDİA.AZ
  xəbər verir ki, V.Quliyev 8 il öncə Moskva şəhərində qəfil ürək tutmasından dünyasını dəyişib. Xatırladaq ki, Valeh Cəfər oğlu Quliev 1943-cü ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin mexanik-riyaziyyat fakültəsinə daxil olub. O, 1969-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və həmin ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub. O, professor Y.P.Çerepanovun rəhbərliyi altında kövrək və knazikövrək möhkəmlik mexanikasının problemləri ilə məşğul olub və 1974-cü ildə Moskva Dövlət Universitetinin Elmi Şurasında disertassiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. V.Quliyev Moskva Avrasiya İnstitutunda böyük elmi işçi, daha sonra bölmə müdiri vəzifəsində çalışıb. Eyni zamanda 1979-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyası Elmi-Tədqiqat Mexanika və Riyaziyyat İnstitutunda xüsusi konstruktor bürosuna rəhbərlik edib. 1980-ci ildə Moskva Dövlət Universitetinin elmi şurasında “Möhkəmlik mexanikasının bəzi tətbiqi və nəzəri problemləri” mövzusunda disertassiya müdafiə edərək elmlər doktoru, 1987-ci ildə isə professor adını alıb. O, Moskva Dövlət Açıq Universitetində ali riyaziyyat kafedrasının müdiri, 1998-ci ildən tətbiqi riyaziyyat kafedrasının müdiri və Moskva Dövlət Açıq Universitetin filial direktoru kimi vəzifələrdə çalışıb. 1996-cı ildə Çuvaşiya Respublikası Mühəndis Texnologiyası Akademiyasının həqiqi üzvü, akademiki seçilib. 2005-ci ildə kosmonavt xidmətlərinə görə, V.Quliyevə general-mayor rütbəsi verilib. O, “Kosmik texnikanın əməkdar sınaqçısı”, “Kosmonovtika veteranı” fəxri adlarına, 1-ci dərəcəli Böyük Pyotr, 3-cü dərəcəli “Vətənin müdafiəsi”nə görə orden və medallara layiq görülüb. Qeyd edək ki, V.Quliyev 175 elmi əsərin, 7 dərsliyin, 2 monoqrafiyanın məllifidir. Allah rəhmət eləsin!

MUASİRMEDİA.AZ
FUAD QƏHR\MANOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir